DÇ-2026-nın oyunlarında bu futbol qaydaları DƏYİŞDİRİLDİ - ŞOK SİYAHI
11 iyun tarixində ABŞ, Kanada və Meksikada start götürəcək futbol üzrə Dünya Çempionatında bir sıra yeni qaydalar qüvvəyə minəcək.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənən dəyişikliklər əsasən oyunda vaxt itkisi, intizam və mübahisəli situasiyaların azaldılmasına yönəlib.
SAVASHMEDİA.az yeni qaydaları təqdim edir:
5 saniyəlik qayda (topun oyuna daxil edilməsi):
Əgər futbolçu bilərəkdən oyunu ləngidərsə, hakim 5-ə qədər sayacaq. Vaxt bitdikdə top avtomatik olaraq rəqib komandaya veriləcək.
Qapı zərbəsi üçün 5 saniyə:
Qapıçılara qapı zərbəsini uzun müddət gecikdirmək qadağan edilir. Müəyyən olunmuş vaxtı aşdıqda rəqib komandaya künc zərbəsi veriləcək.
10 saniyəlik əvəzetmə qaydası:
Oyundan çıxan futbolçu 10 saniyə ərzində meydanı tərk etməlidir. Əks halda əvəzedici oyunçu əlavə 1 dəqiqə ehtiyatda qalacaq.
Zədəyə görə meydandan 60 saniyəlik çıxarılma:
Zədələnən futbolçu tibbi müdaxilədən sonra oyun davam etsə belə, 60 saniyə meydandan kənarda qalacaq. Baş zədələri və müəyyən xüsusi hallar istisna təşkil edir.
Ağzı örtməyə görə qırmızı vərəqə:
Yeni qaydaya əsasən, oyunçu mübahisə və ya qarşılıqlı ünsiyyət zamanı ağzını əli, yaxalığı və ya forma ilə gizlədərsə, bu davranış qırmızı vərəqə ilə cəzalandırılacaq. Qayda, əvvəlki beynəlxalq matçlarda yaşanan irqçi insidentlərdən sonra tətbiq edilib.
Hakim qərarına etiraz və meydanı tərk etmə:
Hakimin qərarına etiraz olaraq meydanı icazəsiz tərk edən futbolçu birbaşa qırmızı vərəqə ilə cəzalandırılacaq. Məşqçi də komandanı çıxarmağa təşviq edərsə, o da texniki məğlubiyyətlə üzləşə bilər.
VAR-ın səlahiyyətləri genişlənir:
Video köməkçi hakim (VAR) artıq təkcə birbaşa qırmızı vərəqələri deyil, həm də səhv göstərilən ikinci sarı vərəqələri ləğv edə biləcək. Bundan əlavə, VAR künc zərbələrinin düzgün təyin edilib-edilmədiyini də yoxlayacaq.
Yeni qaydaların əsas məqsədi oyunda vaxt itkisinin qarşısını almaq və ədalətli rəqabəti gücləndirməkdir.
Hazırladı: Aytən