Demə ki deyilməyib – 2
Mürəkkəb böcəyi ov zamanı yengəci tutub yuvasına aparır. Onun dadlı (!) əti ilə qidalandıqdan sonra qalın örtüyünü – çanağını qucağına alıb yuvadan çıxır. Yavaş-yavaş yeriyir, kifayət qədər aralandıqdan sonra uzağa atır və sürətlə yuvaya qayıdır.
Bunu görəndə, lap qonşu Sona arvad yadıma düşdü. O da zibili götürüb eyvana çıxır, bir az gözləyir. Görəndə ki, görən yoxdur, zibili aşağıya tullayır və tez mətbəxə cumur.
İnsan da heyvan kimi olarmış...
* “YouTube”da laykları necə yığmalı.
1-ci əməl – heyvanı, məsələn küçüyü, suya atmalı;
2-ci əməl – onu xilas etməyə başlamalı;
3-cü əməl – bütün bunları telefona çəkməli;
4-cü əməl – roliki internetdə yerləşdirməli.
* Ən uzun tramvay xətti Şimal dənizinin bütün Belçika sahili boyunca keçir. Onun uzunluğu 67 kilometrdir. Cədvəl üzrə yola sərf edilən vaxt 2 saat 21 dəqiqəyə bərabərdir.
* “Ona nə qar, nə leysan, nə isti hava, nə də gecənin zülməti mane ola bilər”.
Herodot bu sözləri İran poçtalyonu haqqında demişdi.
* Söylə, yadındamı? Bir dəfə zooparka getmişdik və bizi içəriyə buraxmadılar. Dedilər: “Öz heyvanınızla gəlmək olmaz”... Yadındadır?
Yadındadır, bunu kimə demişdilər? Sənə ya mənə?
* Çox adam pandanın mehriban dost olduğunu düşünür. Uşaqlar yatanda onun yumşaq oyuncağını qucaqlayırlar. Əslində isə panda ayıdır. Ağır çəkili, iti caynaqlı, kəsici dişləri olan yırtıcı heyvan.
Doğularkən çox xırda – anasından 900 dəfə yüngül olur. Tüksüz, çəhrayı. Lakin heç üç ay keçmir və o, tanıdığımız ağ-qara ləkəli gözəl xəzə bürünür.
Bu tənbəl, həddindən artıq ətalətli heyvan Çinin toxunulmaz sərvəti elan olunub. Xarici heyvanxanalara xüsusi müqavilə əsasında verilir. Sənədin şərtləri arasında deyilir ki, saxlanma şəraiti, qida rejimi mütləq qaydada gözlənilməlidir.
Panda xaricə yalnız müvəqqəti ötürülür. Əgər orada yaşadığı müddət ərzində doğarsa, balası dünyaya gəldiyi andan Çinin milli sərvəti sayılır və müqavilə müddəti bitdikdə anası ilə birlikdə vətənə qaytarılır.
* Alman şairi Henrix Heynenin qəribə vərdişi var idi. Həmin vərdiş vətəni Almaniyada xalq arasında dərin iz buraxdı və hətta şairin ölümündən sonra da yaşayır.
Heyne cibində gül toxumları gəzdirirdi və onları arabir torpağa səpərdi.
Şairin doğma şəhəri Veymar çiçəklər şəhəri adlandırılır.
* Keçmişdə “kasıb” həyat sürən yaponlar yaşıl çay dəmləyəndə, ona qızardılmış qəhvəyi rəngli düyü qatırdılar.
* İtaliyanın bəzi bankları kredit verərkən əvəzində girov kimi parmezan pendiri götürüb saxlayır.
Bank öz üzərinə öhdəlik alır ki, pendiri bütün tələblərə tam uyğun şəkildə qoruyacaq. Əgər müştəri borcunu qaytarmağı bacarmasa, bank həmin girovu çox sərfəli qiymətə sata bilir.
* Çinli gənc Syao Fanın atası oğlunun video oyunlara aludə olmasından təngə gəlmişdi. Ata qəribə hiyləyə əl atdı. O, bir neçə güclü oyunçu ilə danışdı ki, internetdə oğlunu darmadağın etsinlər.
Syao bir dəfə uduzdu, on dəfə uduzdu... Nəhayət, özünü alçalmış hesab edərək, oynamağın daşını atdı.
A.ƏZİZ