“Ukrayna üçün Marşal Planı lazımdır” – Zelenskidən çağırış
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin beynəlxalq tərəfdaşlarını bərpa üzrə koalisiya yaratmağa və Ukraynanın yenidən qurulmasına “Marşal Planı” üslubunda yanaşmaya çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki. Zelenski bunu Romada keçirilən Ukraynanın bərpası üzrə konfransda deyib.
“Biz indi bərpa üçün koalisiya yaratmalıyıq. Qoy bu, başladığımız məqam olsun! Biz Rusiyanın nəyi məhv etdiyini bilirik və Ukraynanı, Ukrayna xalqını, həyatımızı bərpa etmək üçün nəyin lazım olduğunu bilirik”, - Zelenski vurğulayıb.
O əlavə edib ki, bunun üçün sistemli yanaşmalar və başqalarını cəlb edə biləcək aydın liderlik, ölkələr və şirkətlər koalisiyası lazımdır.
“Bizim də aydın bərpa planına ehtiyacımız var. “Marşal Planı”nın Avropanın bərpası və transformasiyasındakı rolunu xatırlayın. Məhz buna görə də Avropa uzun müddət sülh və iqtisadi artımdan məmnunluq duydu. İndi isə bizim yeni tərəqqi dalğasına başlamaq üçün real imkanımız var. Bizə “Marşal Planı” üslubunda yanaşma lazımdır və biz onu birlikdə hazırlamalıyıq”, - deyə Ukraynanın dövlət başçısı diqqətə çatdırıb.
Zelenski onu da qeyd edib ki, Ukraynanın bərpası yalnız onların deyil, bütün tərəfdaş ölkələrinin işidir.
Xatirə SADIQ