DƏYƏR dəyməzinə dəyər
Bir gün böyük ticarət mərkəzində qızıl dükanına girdim ki, bazarı öyrənim. Dükanda geniş çeşiddə məmulat vardı, zərgər oturmuşdu.
Vitrinlərdən birində şəffaf zərf diqqətimi cəlb etdi. İçindəki daş 1 karatlıq brilyant idi. Daş balaca, qiymət uca. Mən üzüklərə tamaşa edərkən, gənc satıcı yanaşdı və köməyini təklif etdi. Söhbət zamanı bir üzük göstərib dedi ki, incə və təmiz əl işidir. Sərgidən alıb gətiriblər. Oğlan yaxşılıq etmək istəyirdi. Mən də öz növbəmdə yaxşılıq məqsədi ilə sözümü dedim.
Dedim ki, dünyada zinət əşyalarının heç biri ona qoyulmuş qiymətə dəyməz. Sadəcə, əgər artıq pulun varsa, ona heyfin gəlmirsə, get mağazaya və ürəyinin istədiyi şeyi al. Əsas məsələ odur ki, sənin xoşuna gəlsin. Çünki onu hamıdan çox özün görəcəksən. Şüşənin altındakıların heç biri yazılmış dəyərə dəyməz və insan həyatı üçün əhəmiyyətsizdir.
Bax, vitrində 1 karatlıq brilyant daş var. Düyü boydadır. Aclıqdan əziyyət çəkən insan onu udsa – doymayacaq. Əgər yemək istədiyin qida boğazında qalıb və keçmirsə, o daş kömək etməyəcək. Eləcə də, qarnında yığılanı çıxara bilmirsən, sancıdan qovrulursansa, brilyantın faydası olmayacaq. Dediyin üzüyü bu dəqiqə alıb qapıdan keçərkən zərgərə satmaq istəsəm, həmin qiymətin heç altıda birini də verməyəcək. Belə mallar özünü aldadanlar üçün nəzərdə tutulub.
Mən üç şey tanıyıram ki, onların həyatda dəyəri şəksizdir və üçü də havayıdır: Hava, Su, Məhəbbət.
Gəncin kürəklərini məcazi mənada yerə vuraraq, mehribancasına sağollaşdım və dükanı tərk etdim.
Çox mürəkkəb dövrdə yaşayırıq. Genetik modifikasiya olunmuş orqanizmlərdən yetişdirilən taxıl, qarğıdalı, meyvə, pamidor, xiyar... Süni yumurta, ət. Qara və qırmızı rəngli guya balıq kürüsü. Televiziya ekranlarını zəbt etmiş Ədəbsiz “toyuq”lar və Tərbiyəsiz “xoruz”lar. Konveyerdən nasaz çıxan avtomaşınlar. İstehlak müddəti bitmiş, amma satışdan yığışdırılmamış ərzaq. Xarici ölkədə istehsalçı tərəfindən müəyyən edilən istifadə müddətinin yerli səhiyyə orqanlarında özbaşına uzadılan kovidə qarşı vaksinlər. İnsan orqanizminə zərərli alt paltarları. Keyfiyyətsiz materiallardan inşa olunmuş yaşayış evləri... Bütün bunlar azmış kimi, müasir dövrdə misli görünməmiş yalançı, riyakar, satqın, hoqqabaz, reketir, əbləh, səriştəsiz siyasətçi Trampın Putinin altından sürdüyü hakimiyyəti zamanı yaşayırıq biz. Təəssüf! Bu yerdə Çernışevski qayıdıb soruşur ki, bəs “Nə etməli?”.
√Saf və az miqdarda qida qəbul etməli. √Sağlam və səliqəli geyinməli. √Başın çıxmayan məhsul və məmulat almamalı. √...Yolu işıqforun qırmızı işığında keçməməli. √Daha çox qeybət deyil, zarafat etməli. √Hər gecə evdəkiləri öpməmiş yatmamalı. √Düşük verilişlərə, sifətlərə, hərəkətlərə baxmamalı... Başlanğıc üçün kifayətdir. Aha, √ Və, əlbəttə, yalnız dəyəri olanı qiymətləndirməli, dəyərsizə aludə olmamalı!
O biri kişi hələ qədimdə söyləmişdi ki, hər hansı xalqı axmaq yerinə qoymaq istəyirsənsə, ona 2 şey ver, sonra çap, tala. Bunlar çörək və məzhəkədir. Yəni, əlinə keçənlə yedirt və qıdıqla ki, gülsün. Əbləh kimi hırıldasa – lap yaxşı.
Rəhmətlik bunu deyəndə, geni geninə-boluna modifikasiya olunacaq ərzaqdan xəbəri yox idi. İnsanı ev dustağı edərək beynini keyləşdirən, kütləni kütləşdirən televiziya verilişlərinin veriləcəyini də bilmirdi. Hələ heç futbol da futbol meydançasına çıxmamışdı.
İdman azar(!)keşləri – əsasən fəhlə və tələbələr – pul yığır, oyuna bilet alıb təyyarədə başqa şəhərə, ölkəyə, qitəyə uçurlar. Kasıblar tribunaları doldururlar. Meydana isə 22 nəfər milyonçu çıxır. Bir o qədər də milyonçu ehtiyat oyunçular skamyalarında əyləşir. Və başlanır tamaşa! Əyri paslar, topun rəqibə ötürülməsi, qapıdan xeyli aralı və hündürə zərbələr... Bütün bunlar milyonların pozucu təsirindəndir. Əgər elə həmin ölkədə həkim keyfiyyətsiz əməliyyat edir, yaxud memar, inşaat mühəndisi qəzalı körpü, bina tikirsə, onları müflisləşdirir, həbs edirlər. Dünyanın ən varlı multimilyonçu futbolçuları Messi, Ronaldo, Mbappe isə məşqdə deyil, məsul matçda – dünya çempionatının və Olimpiya Oyunlarının finalında – cəmi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyi bacarmır, sonra cəzasız oynamaqda davam edirlər. Cüzi cəza yalnız ondan ibarətdir ki, qol üçün müəyyən pul mükafatı bu dəfə verilmir. Nə olsun! Portuqaliyalı oyunçu Ərəbistan klubunda iki mövsümlük iştirakına görə yarım milyarddan çox qonorar alır. Onun kasıblar arasında populyarlığı o dərəcə yüksəkdir ki, təkcə “Instagram” səhifəsindən ildə 200 milyon dollardan artıq bəhrələnir. Cinayətkar xislətli Messi atası ilə birgə gəlirini gizlətmiş, vergidən yayınmışdı. İspaniya xəzinəsinə yalnız cəriməsi milyonlarla dollar oldu. Sonra cinayət işi unuduldu...
Əyləncə istəyirsən? Bilanı konsertə dəvət et və neçə bilet satılacağından asılı olmayaraq 60 min € ödə. Dima heç olmasa özü oxuyacaq. Qarik Martirosyan isə daha artıq məbləği götürüb “qul” əməyindən istifadə edəcək: səhnəyə gənc stendapçılar çıxarılacaqlar.
Süni çörək, azgın məzhəkə – budur bizim günümüz, taleyimiz!
Dünyanın ağlı çıxıb başından. Əhali dəlidir! Rəssamların əsərləri yüz milyonlarla dollara alınır. Kiminsə köhnə gitarası, geyilmiş kros ayaqqabısı, tərli alt paltarı, bir vərəq əlyazması, şəxsi məktubu, artıq əhəmiyyətini itirmiş əşyalar ağlasığmaz baha alınır. Surət çıxarmaq, rəsm çəkmək işlərinin texniki cəhətdən getdikcə asanlaşdıgı müasir zəmanədə bir ətək pul verib saxta rəsm, əşya almaq təhlükəsi realdır. Hələ demirəm ki, istənilən idman yarışında oyunun nəticəsi qabaqcadan danışıldığı ifşa olunsa – həmin nəticə ləğv ediləcək, sənin bilet, yol, mehmanxana xərclərinin, tribunada, stadiondan kənarda bağırdığına görə üstəlik səsinin də batması istisna deyil.
Dünyanın mənfur dəyərlər sistemi kökündən dəyişməlidir! Heç bir metal, daş-qaş, idmançı və artist qonorarı adi insanın orta tələbatından baha ola bilməz. Əlbəttə, əgər kimsə kütləni küt etmək məqsədi güdmürsə.
A.ƏZİZ