Dmitri Medvedev Zelenskiyə qarşı şəxsi qisasa çağırdı

“Ruslarda Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı mənfi münasibət və ondan qisas almaq istəyi sönməməlidir”.

Jan 6, 2025 - 14:57
Dmitri Medvedev Zelenskiyə qarşı şəxsi qisasa çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsində yazıb. 

Ukrayna prezidenti Volodimir Zelenskinin amerikalı podcaster Leks Fridmana müsahibəsində “indiki Rusiyanın liderinə və bu xalqa” hörmət etmədiyi fikrinə münasibət bildirən Medvedev Ukrayna liderini bütün Rusiya xalqının nifrət etdiyi “yaşıl məxluq” adlandırıb. 

“Və bizim xalqımız üçün indi Bandera Ukraynasının hazırkı qeyri-qanuni liderinin şəxsi qisası onun vəzifədən kənarlaşdırılmasından sonra da bitməməlidir”, - deyə Medvedev iddia edib.

Təhlükəsizlik Şurasının sədr müavini Zelenskini “səlahiyyətsiz məxluq” adlandırıb və qeyd edib ki, o, Rusiya ilə bağlı istənilən siyasi nəzakətlilikdən uzaqlaşıb. 

Medvedev onu da bildirib ki, rus ritorikasında bütün Ukrayna xalqına qarşı heç bir nifrət yox idi. Onun sözlərinə görə, məişət səviyyəsində ukraynalılar və ruslar arasında “insanlar bizim düşmənimiz deyil” ideologiyası mövcud idi.

Qeyd edək ki, bu yaxınlarda “Dojd” kanalına müsahibəsində müharibədən öncə Kiyevdə çalışmış, hazırda Avropada yaşayan tanınmış rusiyalı jurnalist Yevgeni Kiselyov bildirib ki, Buça, İrpen, Mariupolda törədilmiş vəhşiliklərdən, dağıdılmış şəhərlərdən, milyonlarla qaçqınlardan sonra o, Rusiya hərbçilərinə hansısa jurnalistin göstərdiyi təəssübkeşliyi anlamır. O, Rusiya ordusunun Ukraynada törətdiyi vəhşiliklərin hitlerçilərin hərəkətlərindən fərqlənmədiyini söyləyib.

Xatirə SADİQ