“Dünyada heç kim rusların yalanlarına inanmır” – Zelenski
Rusiyanın genişmiqyaslı hücumunun üçüncü ildönümündə Kiyevdə “Ukraynanı dəstəklə” beynəlxalq sammiti keçirilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Tədbirdə çıxış edən prezident Volodimir Zelenski bildirib ki, təcavüzdən 3 il sonra Ukrayna sağdır və mübarizə aparır.
O, qeyd edib ki, Ukraynaya qarşı müharibə davam edir və buna görə də Ukrayna Avropa ilə birlikdə danışıqlar masası arxasında olmalıdır: “Rusiyanın strateji hədəfi Avropadır, Avropanın həyat tərzidir, deməli onun təhlükəsizliyini və taleyini Avropasız müəyyən etmək olmaz. Ukrayna, Avropa və Birləşmiş Ştatlar Rusiya ilə masa arxasında oturmalıdırlar ki, sülhə olan zərurət yenidən normallaşma, sıfırlama və ya barışıq vədləri ilə sözə basılmasın”.
Zelenski onu da deyib ki, Putin onlara sülhü hədiyyə etməyəcək: “Nəyinsə müqabilində onu verməyəcək. Biz sülhü güc, müdriklik və birlik vasitəsilə, sizinlə əməkdaşlığımızla əldə etməliyik. Təəssüf ki, sülhü sadəcə olaraq bir saatda, bir gündə, bu gün, sabah və ya o birisi gün elan etmək olmaz. Bu reallıqdır. Kimsə bunu heç bi dəstək, heç bir təhlükəsizlik təminatı olmadan məhz belə etməyə çalışarsa, o zaman bu, işləməyəcək”.
Ukrayna lideri hesab edir ki, müharibənin bitməsi vəziyyətin özünə inamı bərpa edən addımlarla başlamalıdır. “Çünki Rusiya Federasiyasının özünə inam yoxdur. Və elə vəziyyət lazımdır ki, onlar müharibəni bitirmək haqqında danışsınlar. Real vəziyyət. İndi isə belə addım məhbusların azad edilməsi ola bilər. Minlərlə, məhz minlərlə insan, onların bir hissəsi nəinki 2022-ci ildən, hətta daha əvvəl, 2014-cü ildən Rusiyada saxlanılır. Ukrayna hamını hamıya dəyişməyə hazırdır və bu ədalətli variantdır”, - deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenski diqqətə çatdırıb ki, general Kelloq Ukraynada olarkən ABŞ prezidentinə çatdırması üçün ona konkret tarixlərdə Rusiyanın pozduğu bütün atəşkəslərin siyahısını təqdim edib. “Etibarlı və davamlı sülh cəbhədəki sükutdan qat-qat artıqdır. Xatırlayırıq ki, 2014-cü ildən bəri Rusiya atəşkəs rejimini 25 dəfədən çox pozub. Buna görə də sülh ölçülüb-biçilmiş diplomatiya və dəqiq təhlükəsizlik təminatların nəticəsi ola bilər”.
Onun sözlərinə görə, dünyada heç kim rusların Ukrayna dövləti və Ukrayna xalqı haqqında yalanlarına inanmır.
“Hətta Rusiyanın müharibədə şəriki olmuş, onunla birlikdə yalan danışanlar da kimi, nə üçün dəstəklədiklərini başa düşürlər. Onlar [Rusiyanı dəstəkləyənlər] müxtəlif addımlar ata bilər, indi Rusiya ilə münasibətlərinə görə hansısa pulları qazana bilərlər, amma heç vaxt hörmət almayacaqlar”, - deyə Zelenski əlavə edib.
Onun fikrincə, Ukrayna Aİ və NATO-ya üzv olmağa layiqdir. Amma əgər Ukrayna Alyansa qəbul edilməsə, tərəfdaşları ilə birlikdə “ölkə daxilində NATO qurmağa” məcbur olacaqlar.
Xatirə SADİQ