Əfqanıstandakı zəlzələdə 600-dən çox sakin həlak oldu
Əfqanıstanın şərqində avqustun 31-də axşam saatlarında baş vermiş 6,0 bal gücündə zəlzələ nəticəsində 600-dən çox insan həlak olub, 1500-dən çox insan yaralanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “AzadlıqRadiosu”nun Əfqanıstan xidməti məlumat yayıb.
Məlumata görə, təkanlar 5,2 və 4,7 bal gücündə iki afterşokla müşayiət olunub. Ən böyük dağıntı Kunar əyalətində və qonşuluqdakı Nurqal, Sokkay, Vatapur, Manoqi və Çapa Dara rayonlarında qeydə alınıb.
Hakimiyyət nümayəndələrinin sözlərinə görə, qurbanların və yaralananların sayı arta bilər. Xilasedicilər dağıntıları təmizləməyə davam edir və ucqar yaşayış məntəqələrinə çatmağa çalışırlar.
ABŞ Geoloji Xidməti qeyd edir ki, zərər çəkmiş bölgədəki binalar seysmik zərbələrə son dərəcə həssasdır və insan tələfatı riskini artırır.
Xatirə SADİQ