“Əgər “Gürcü Arzusu” hakimiyyəti saxlayarsa..." - Helsinki Komissiyası

“Gürcü arzusu” dünya avtokratları ilə inteqrasiyanı davam etdirməklə gürcüləri Avroatlantik inteqrasiya yolundan uzaqlaşdırır. 

Dec 19, 2024 - 13:15
“Əgər “Gürcü Arzusu” hakimiyyəti saxlayarsa..." - Helsinki Komissiyası

SAVASHMEDIA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu fikir ABŞ Helsinki Komissiyasının (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) bəyanatında əks olunub.

“Gürcüstan xalqının kütləvi müqavimətinə baxmayaraq, “Gürcü arzusu” dünya avtokratları ilə inteqrasiyanı davam etdirir. “Gürcü arzusu” gürcüləri seçdiyi Avro-Atlantik inteqrasiya yolundan uzaqlaşdırır və onları demokratik dünya düzənini pozmağa çalışan təcavüzkarların mehvərinə doğru yönəldir”, - deyə Helsinki Komissiyasının “X” sosial şəbəkəsində yayılmış bəyanayında deyilir.

Komissiya xatırladıb ki, iyunda Gürcüstanın baş naziri İrakli Kobaxidze İran prezidentinin andiçmə mərasimində iştirak edib, avqust ayında isə “Gürcü arzusu” Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. 

İran səlahiyyətlilərinin anti-Avropa narrativləri yayaraq, “Gürcü Arzusu”nun seçki kampaniyasına dəstək verdiyinə, Çin konsorsiumu Qərbi Gürcüstanda Anaklia dərin dəniz limanının tikintisi ilə məşğul olduğuna diqqət cəlb edilib.

“Əgər “Gürcü Arzusu” hakimiyyəti saxlayarsa, partiya Gürcüstanı təkcə Rusiya himayədarları üçün deyil, həm də “Gürcü Arzusu”nun getdikcə daha çox əməkdaşlıq etdiyi Çin və İran üçün güc və iqtisadi imkanların layihələndirilməsi meydanına çevirəcək”, - bəyanatda vurğulanıb. 

Qeyd edək ki, Avropa, Avrasiya və Şimali Amerikanın 57 ölkəsində insan haqları, hərbi təhlükəsizlik və iqtisadi əməkdaşlığa nəzarət edən Helsinki Komissiyası 21 üzvdən ibarətdir. Komissiyaya doqquz senator, doqquz konqresmen və üç icra hakimiyyətinin nümayəndəsi daxildir. 

Hazırda komissiyaya “MEGOBARI Akt”ının müəllifi və Donald Trampın fəal tərəfdarı Co Uilson rəhbərlik edir. Onun ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsini tutacağı ehtimalı var.

Xatirə SADİQ