“Ehdiparfum”un ifşa videosunu yayanları hansı cəza gözləyir? - Hüquqi izah
Sosial şəbəkələrdə “Ehdiparfum” (Ehdiman Osmanov) ləqəbi ilə tanınan fenomenə aid olduğu iddia edilən videoların yayılması bu kimi hallarda hansı cəzaların tətbiqi mövzusunu yenidən gündəmə gətirib.
SAVASHMEDİA.az xatırladır ki, şəxsə aid intim görüntülərin onun razılığı olmadan çəkilməsi, saxlanılması və ya yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən birbaşa cinayət məsuliyyəti yaradır.
Başqasının şəxsi həyatına dair görüntüləri qanunsuz olaraq toplamaq və yaymaq Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığını pozmaq hesab olunur. Bu əməli törədən şəxslər 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ildən 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşirlər.
Əgər bu videolar vasitəsilə şantaj olunub pul və ya hər hansı mənfəət tələb edilərsə, Maddə 182-yə (hədə-qorxu ilə tələb etmə) əsasən cəza 3 ildən 10 ilədək azadlıqdan məhrumetməyə qədər ağırlaşır.
Yayılan materiallar intim xarakter daşıdıqda isə əməl Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materialları qanunsuz yayma) üzrə qiymətləndirilir və 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Paralel olaraq, zərərçəkən şəxs Mülki Məcəlləyə əsasən məhkəmə yolu ilə mənəvi zərərin kompensasiyasını tələb edə bilər, hüquq-mühafizə orqanları isə bu kontenti tirajlayan hesab və kanalların bloklanmasını təmin edir.
Aytən