Elə bilirdim, bilirəm – KOLİBRİ

Kolibri – uzunqanadlılar dəstəsinə aid olan miniatür quşcuğazdır. Uzun, hündür, iri, böyük və bu kimi ölçü yekəliyi göstəriciləri kolibriyə yaddır.

Aug 21, 2025 - 14:59
Elə bilirdim, bilirəm – KOLİBRİ

Uçuş zamanı tüklərinin rəngini dəyişmək qabiliyyətinə görə bu quşları “uçan cəvahirat” adlandırırlar. Xırda quşcuğazlar qanadlarının sürətli hərəkətləri ilə öz bədəni altında hava axını yaradır və uçur.

Kolibri əsasən Cənubi Amerikada yaşayır. Ona Çilidən tutmuş Alyaskayadək rast gəlmək olur. Ən yekə kolibrinin çəkisi 20 qrama yaxındır. Ən xırda miniatür quş isə cəmi 2 qramdır. Xaricdə onu zarafat və sevgi ilə “arıcığaz”, Azərbaycanın zoologiya elmində isə, üzdən iraq, milçəkquşu adlandırırlar.

Kolibrinin tüklərinin rəngi, əslində, işığın düşmə bucağı altında dəyişir, bərq vurur.

Kolibri dünyada yeganə quşdur ki, havada donub qala bilir. O, həmçinin, ayaqları yuxarı vəziyyətdə, eləcə də arxa istiqamətində uçmağı bacarır.

Kolibri gözlərini yummadan saatda 96 kilometr sürətlə uçur. Gözlərini yum – təsəvvür et... Bu qədər çox enerji sərf etdiyinə görə kolibriyə hər gün böyük həcmdə qida tələb olunur. Odur ki, kolibri gün ərzində öz çəkisindən iki dəfə artıq nektar və həşərat yeyir.

Nektarının tərkibində yüksək dərəcə şəkər olan boruvari çiçəkləri kolibri insan gözünə görünməyən ultrabənövşəyi spektrdə seçir, onları asanlıqla fərqləndirir. Gözəl məkan yaddaşına malik olduğundan, bu cırtdan quşlar artıq qidalandığı bütün çiçəkləri tanıyır.

Kolibrinin, həmçinin, zaman duyumu var. Onlar bilir ki, çiçəyin yenidən nektarla dolmağından ötrü nə qədər vaxt tələb olunur və bu müddətdən əvvəl həmin çiçəyə qayıtmır.

Qanadlı “müştəri” nektarı uzun və nazik dimdiyi və mürəkkəb, qeyri-adi dili ilə qəbul edir.

Erkək quş dişi tayını çətin uçuş fiqurları, qanadlarının parlaq rəngləri və müxtəlif səs siqnalları ilə cəlb edir.

Kolibrinin ürək döyüntüsü bütün növ quşlar arasında ən yüksəkdir – dəqiqədə 1200-ə qədər. Üçüş zamanı və dişiyə “adaxlıbazlıq” etdiyi vaxt bu döyüntü daha da artır.

Cumbulu bədəninin hərarətini 95 faiz azaltmaqla, kolibri aşağı hava temperaturuna və aclığa tab gətirir.

XIX əsrdə insanlar gözəl alabəzək tüklərinə görə bu quşları vəhşicəsinə qırırdılar. Hazırda kolibrinin 10-dan çox növü Beynəlxalq Qırmızı kitaba daxildir.

Aşağıdakı fotolara baxmaqla miniatür gözəl quş kolibri haqqında təəssüratlarını artıra bilərsən...

A.ƏZİZ