Ərdoğan Aİ-yə səsləndi – “Türkiyə tamhüquqlu üzvlüyə hazırdır”
“Avropa İttifaqı (AI) Türkiyə ilə üzvlük haqqında danışıqları bərpa etməli və onu öz sıralarına qəbul etməlidir”.
SAVASHMEDİA.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Aİ Türkiyənin bu birliyə qəbul olunması barədə danışıqların irəliləməsi üçün bir gün belə gözləməməlidir.
“Biz gözləyirik ki, dəfələrlə gördüyümüz bu cür birmənalı olmayan mövqe ilə münasibətləri inkişaf etdirməyin mümkün olmadığını anlayacaqlar. Avropada və onun ətrafında baş verən prosesləri, eləcə də Aİ daxilindəki fikir ayrılıqlarını nəzərə alsaq, birliyin Türkiyə kimi dinamik və problem həll edən üzvə ehtiyacı olduğu aydın olacaq. Türkiyə olaraq biz tamhüquqlu üzvlüyə hazırıq”, - deyə Ərdoğan vurğulayıb.
O, əlavə edib ki, “köhnəlmiş, sırınmış siyasi baxışlardan qurtulmaq Aİ üçün yeni dövr açacaq bir addım ola bilər”.
Türkiyə 1987-ci ildə Aİ-yə, daha sonra Avropa İqtisadi Birliyinə üzv olmaq üçün müraciət edib. 1999-cu ildə rəsmi olaraq namizəd ölkə statusu alıb və 2005-ci ildə üzvlük danışıqlarına başlanılıb.
Lakin Aİ insan haqları, qanunun aliliyi ilə bağlı problemləri, Kipr ətrafında münaqişəni və ayrı-ayrı Aİ ölkələri ilə gərgin münasibətləri bəhanə gətirərək bu prosesi xeyli ləngidib. Üstəlik, bəzi Qərb ölkələri liderlərinin Türkiyəyə qarşı qərəzli münasibəti açıq-aşkar tamhüquqlu üzvlük prosesinə zərbə vurub. Faktiki olaraq 2018-ci ildən bəri danışıqlar dondurulub.
Bu yaxınlarda Polşanın baş naziri Donald Tusk bildirib ki, Türkiyəni Aİ üzvü kimi görmək istəyir.
KİV-in məlumatına görə, NATO Aİ və Türkiyəni münasibətlərini yaxşılaşdırmağa çağırıb. Bu, ABŞ prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik təminatlarını ləğv etməklə hədələməsi fonunda baş verib.
Xatirə SADİQ