Boşluğa açılan atəş

Qanunda deyilir ki, informasiya obyektiv, dəqiq, qərəzsiz, dolğun və daha nə bilim necə gözəl olmalıdır.

Jul 22, 2025 - 11:58
Boşluğa açılan atəş

Qanunda deyilmir ki, informasiya mütləq olmalıdır.

Deyilsə, elə çıxar, heç nə qaranlıq qalmamalı, heç bir şey gizlədilməməlidir. Özün də görürsən ki, reallıq tələblərlə düz gəlmir. Bəlkə də buna görə inadkarlıqla təkrarlanır: qanunlar düzgündür, ədalətlidir, aymaşallahdır! Heç bir dövlətin adını çəkmirəm, çünki bu, bütün ölkələrə aiddir. Nahaq yerə deyilmir ki, dövlət ən güclü repressiya maşınıdır...

Kommunistlər çarizmi nə qədər qaralamağa çalışsalar da, Rusiyada söz azadlığı var idi və bundan sosial-demokratlar da, eserlər də, anarxistlər də gen-bol istifadə edir, bəhrələnirdilər. “Правда” qəzetinin nəşr olunması və açıq şəkildə satılması buna sübutdur. Lakin hakimiyyəti zor gücünə, xəyanət vasitəsilə tam ələ keçirdikdən sonra, bolşeviklər tezliklə nəinki müxalifət partiyalarını ləğv etdilər, həmçinin müxalif fikirləri də susdurdular.

Sovet (Rusiya) sosializminin ən böyük həqiqəti ondan ibarətdir ki, həqiqəti yalnız icazə ilə demək olardı. İcazə isə “yuxarı” orqandan verilə, yaxud verilməyə bilərdi. Qəzet redaktoru özündə bir neçə funksiyanı cəmləşdirmişdi. Bunlardan biri qeyri-formal senzor vəzifəsi idi. İlk instansiya kimi. Lakin bəzən redaktor öz qəzetinin rəqabət qabiliyyətini artırmaq, nüfuzunu gücləndirmək xatirinə ən iti, sensasiya xarakterli yazının nəşrinə görə son qüvvəsinədək döyüşürdü. Düşünmə ki, antisovet məqalə, şüar çap edir, inqilaba, dövlət çevrilişinə səsləyirdi. Yoxsa sənə gülərəm...

Bakıda tanınmış qəzetin iki jurnalisti ticarət müəssisəsindən yazmaq istəyir, bunu iş planına salır. Jurnalistlər, mənfur praktikaya əsasən, şəhər partiya komitəsi ilə məsləhətləşirlər. Komitədən nümunəvi, yəni təriflənməli mağazanın ünvanı təqdim olunur. Jurnalistlər dükana gəlir, əvvəlcə vəziyyətə göz gəzdirirlər. Vəziyyət isə... Rəflərdə səliqəsizlik, döşəmə natəmiz, ərzaq arasında tarakanlar gəzir. Bunları gördükdən sonra müdirin kabinetinə gedir, hər şeyi aktlaşdıracaqlarını, tənqidi məqalə yazacaqlarını bildirirlər. Müdir “bişmiş” kadr idi. Seyfi açıb, hərəsinin qabağına bir dəst pul qoyur. “Bunu da yazacağıq” deyib, jurnalistlər çıxıb gedirlər. Yazırlar. Reqlamentə uyğun olaraq, redaktora təqdim edirlər. Çox gözləyirlər, məqalə dərc olunmur. Tap görüm, bu, ilk növbədə nə deməkdir? Söz azadlığı yoxdur? Məqalə kəsərli deyildi? Yox, yox və bir daha yox! İlk növbədə o deməkdir ki, seyfdəki pul ünvanına çatdı. Jurnalist demişkən: “Biz yeyə bilmədik, başqası yedi”. Rüşvət götürməyənlər haqqında nahaqdan deyilmirdi: “O, pəhriz saxlayır”.

Mən əqidəli antikommunist olsam da, o dövrün bir müsbət işini söyləməyə bilmirəm – şikayət etməyə yer vardı. İndi, postsovet dövrdə, vətəndaşa hədsiz azğınlıqla deyə bilərlər (və deyirlər): “Hara istəyirsən şikayət et”. O zaman isə müdirlər yoxlamadan çixuaxua kimi qorxurdular.

Sxem belə işləyirdi. Vətəndaş, məsələn, “Труд” qəzetinin redaksiyasına şikayət məktubu göndərib. Xatırladım ki, bu qəzet partiya, sovet deyil, həmkarlar ittifaqı mərkəzi şurasının orqanı idi. Yəni, yuxarıdan 3 mərtəbə aşağı. Redaksiya həmin məktubu öz qeydi ilə Azərbaycan həmkarlar ittifaqları şurasına yollayır. Qeyddə göstərilir ki, məsələni araşdırıb Moskvaya və şikayətçiyə 1 ay müddətində cavab verilsin. AHİŞ həmin sənədi qeydiyyatdan keçirib, müvafiq rayon partiya komitəsinə göndərir. Yoxlayır və cavab verirlər. Bununla da, bürokratik prosedurlar başa çatır. Vay o günə ki, yoxlayan işçi haqsızlığa yol versin! Təkrar şikayəti artıq Moskvanın nümayəndəsi aparacaq və günahkarlar cəza alacaqlar.

SSRİ-də yalnız yenidənqurma və aşkarlıq dövründə mətbuat hörmətə qalxdı. Əvvəla, redaksiya lazım bildiyini yazırdı. Dərc olunmuş tənqidi məqaləni poçt zərfinə qoyub, redaksiyanın müraciəti ilə müvafiq ünvana yollamaq bəs idi. Amma Qorbaçov bununla kifayətlənmədi: mətbuatda göstərilən faktlara əsasən, prokurorluğa cinayət işi açmaq ixtiyarı verildi.

Müstəqil Azərbaycanda, nə qədər gülməli görünsə də, söz Yaqub Məmmədovun naz-qəmzəli hakimiyyəti dövründə, qısa müddət azad nəfəs aldı. Sonra İsə Qəmbər senzuranı rəsmiləşdirdi.

Soruşmaq, bilmək istəyirsən indi – bu gün səhərdən – söz azadlığı varmı? Sözümü dedim, özüm də azadam. Gördüyün kimi...

A.ƏZİZ