Ərdoğan Zelenskiyə yeni sülh planı təklif edir - “Kəşfiyyat məlumatlarını görmüşəm, razılaş"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyro şəhərində keçiriləcək G20 sammitində Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı sülh planını təqdim etmək niyyətindədir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbələrə istinadən agentlik yazır ki, Ərdoğanın təklifi tərəflərin hazırkı mövqelərində hərbi əməliyyatların dondurulmasını nəzərdə tutur.
Türkiyə prezidenti həmçinin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrin, ən azı, 10 il müddətinə təxirə salınmasını təklif edir.
Türkiyənin təklifləri arasında Rusiyanın 2014-cü ildən geniş ərazilərə nəzarət etdiyi Donbassın şərqində demilitarizasiya zonasının yaradılması, orada beynəlxalq qoşunların yerləşdirilməsi, Ukraynaya NATO-ya qoşulmamaq barədə razılıq verəcəyi təqdirdə hərbi tədarüklə təmin etmək var.
Türkiynin rəsmi şəxsləri Ukraynanın belə təklifi qəbul etməsinin çətin olacağını etiraf edirlər, lakin bunun ən real yanaşma olduğuna inanırlar.
Agentliyin mənbələri bildiriblər ki, Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskini İstanbuldakı sülh danışıqlarında iştirak etməyə razı sala biləcəyinə ümid edir. Çünki o, döyüşlər dayanmasa, Ukraynanın növbəti bir neçə ay ərzində daha çox ərazi itirə biləcəyinə dair kəşfiyyat məlumatlarını görüb.
Xatirə SADİQ