"Putini ərazi güzəştlərinə məcbur edəcəyik" - Trampın xüsusi nümayəndəsi
ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya lideri Vladimir Putinin müharibəyə son qoymaq üçün etməli olduğu güzəştləri sadalayıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Kelloq bunu Ukraynada sülh planının müzakirəsi zamanı deyib.
“Məncə, bunlara ərazi güzəştləri də daxil edilməlidir. Həm də bura təkcə ərazi yox, gələcəkdə silahlı qüvvələrdən istifadədən imtina və ola bilsin ki, şəxsi heyətin sayının azaldılması da daxildir”, - Kelloq qeyd edib.
O, həmçinin vurğulayıb ki, indi Rusiyanın İran, KXDR və Çinlə əvvəllər, hətta bir neçə il əvvəl də olmayan ittifaqları var: “Hesab edirəm ki, bu ittifaqların ləğv edilməsi çox vacibdir”.
Trampın xüsusi nümayəndəsi müharibənin necə bitəcəyi ilə bağlı bunları deyib: "Ukrayna cəsarətlə vuruşub, lakin bu müharibə tərəflərdən hansısa üçün İkinci Dünya Müharibəsindəki kimi qələbə ilə bitməyəcək".
Xüsusi nümayəndə əlavə edib ki, vəziyyət uzunmüddətli perspektivdən qiymətləndirilməlidir: “...Biz Rusiyanın təcavüzünü dayandırmalıyıq. Amma təfərrüatları müzakirə etmək lazımdır, onları işləyib hazırlamaq lazımdır. Bu həyata keçiriləcək və bunu etməli olanlardan biri də prezident Zelenskidir”, – o əlavə edib ki, Zelenski Putinlə danışmalı olacaq.
“...Rusiyaya təzyiqin davam etməsini və effektiv olmasını təmin edən hərtərəfli plan olmalıdır. Bu, KXDR-ə də aid ola bilər, biz belə şeyləri də unutmuruq”, - Trampın nümayəndəsi əlavə edib.
Səlcuq