"Məndən diktator olar? Kiməsə diqtə etmək üçün belə resurslarım yoxdur" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko “Avropanın son diktatoru” ifadəsinin artıq keçmişdə qaldığını deyib.

Jun 16, 2026 - 22:57
"Məndən diktator olar? Kiməsə diqtə etmək üçün belə resurslarım yoxdur" - Lukaşenko

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə “Al Arabiya” telekanalına müsahibəsində danışıb.

Lukaşenkonun sözlərinə görə, bu ifadə vaxtilə jurnalistlər tərəfindən ortaya atılıb və daha sonra beynəlxalq mediada geniş yayılıb.

“Bu ifadənin haradan gəldiyini çox yaxşı bilirəm. Kimsə bir dəfə bu sözü işlətdi, dünya mediası isə onu götürüb tirajladı. Məni israrla Avropanın son diktatoru adlandırırdılar”, - Lukaşenko bildirib.

Belarus lideri iddia edir ki, hazırda vəziyyət dəyişib və Qərb siyasətçiləri artıq ona münasibətdə bu ifadədən istifadə etmirlər.

“İndi heç kim məni diktator adlandırmır. O dövr keçmişdə qalıb. Düzdür, hazırda Avropa dövlətlərinin, o cümlədən aparıcı ölkələrin rəhbərləri ilə rəsmi görüşlər keçirmirəm. Amma onlarla ya nümayəndələri vasitəsilə, ya da birbaşa əlaqədə oluram. Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makronla olduğu kimi”, - o deyib.

Lukaşenko əlavə edib ki, şəxsi və ya qeyri-rəsmi görüşlərdə xarici həmkarlarından heç biri ona qarşı belə ifadələr işlətməyib.

“Onlardan heç kim məni heç vaxt diktator adlandırmayıb. Çünki bu, sadəcə gülünc olardı. Məndən diktator olar?. Mənim kiməsə nəyisə diqtə etmək üçün belə resurslarım yoxdur”, – Belarus Prezidenti bildirib.

Səlcuq