Ərdoğanın səhhəti ilə bağlı şayiələr yayılır - O, niyə görünmür?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gündür, tədbirlərdə iştirak etməməsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Jul 24, 2026 - 15:04
Ərdoğanın səhhəti ilə bağlı şayiələr yayılır - O, niyə görünmür?

SAVASHMEDİA.az xəbər verir ki, bu vəziyyət sosial şəbəkələrin Türkiyə seqmentində prezidentin səhhəti ilə bağlı müxtəlif iddiaların və fərziyyələrin yayılmasına səbəb olub.

Xatırladaq ki, Ərdoğan sonuncu dəfə iyulun 15-də keçirilən rəsmi tədbirdə ictimaiyyət qarşısına çıxıb. Həmin gün o, Ankarada 15 İyul dövlət çevrilişi cəhdinin 10-cu ildönümü münasibətilə təşkil olunan anım mərasimində iştirak edib, daha sonra isə Türkiyə Böyük Millət Məclisində çıxış edərək ölkə gündəmi və regional məsələlərlə bağlı mesajlar verib.

Ərdoğanın iyulun 15-dən sonra ictimai tədbirlərdə görünməməsi müxtəlif iddiaların və fərziyyələrin yayılmasına səbəb olub. Bununla belə, onun səhhətində problem olduğu barədə rəsmi təsdiqlənmiş hər hansı məlumat yoxdur. 

Hazırda sosial şəbəkələrdə yayılan "Ərdoğan haradadır?", "səhhəti pisləşib" kimi paylaşımların həqiqəti əks etdirdiyinə dair hər hansı məlumat yoxdur. Başqa sözlə, Ərdoğanın bir neçə gündür ictimaiyyət qarşısına çıxmaması fakt olsa da, bunun sağlamlıq problemi ilə əlaqəli olduğunu göstərən hər hansı rəsmi sübut və ya açıqlama mövcud deyil.

Səlcuq