Şahmar İbadovun həyat yoldaşı binanı 1,3 milyon manata icarəyə verdi - DETALLAR
Sevinc İbadovaya məxsus bina dövlət qurumu tərəfindən iki il müddətinə icarəyə götürülüb.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən 2660 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.
Bina 1 saylı “ASAN Kommunal” mərkəzinin fəaliyyət göstərdiyi ünvandır.
“İnnovasiyalar Mərkəzi” MMC həmin sahəni illik 660 min manat ödəməklə Sevinc İbadovadan icarəyə götürüb. Müqavilə “bir mənbədən” satınalma üsulu ilə bağlanıb.
Eyni məbləğdə müqavilə 2025-ci ildə də imzalanıb. Beləliklə, iki il ərzində icarə haqqının ümumi məbləği 1 milyon 320 min manat təşkil edir.
Sevinc İbadova Prezidentin İşlər İdarəsinin sektor müdiri Şahmar İbadovun həyat yoldaşıdır. Şahmar İbadov uzun illər Nərimanov Rayon İcra Hakimiyyətində rəhbər vəzifələrdə çalışıb.
Onun adı daha əvvəl Nərimanov rayonunda gözdən əlillər üçün tikilən binadan mənzillərin verilməsi ilə bağlı cinayət işində də hallanıb. İbadov həmin iş üzrə şahid qismində dindirilib.
İbadov ailəsinin adı 2017-ci ildə ölümlə nəticələnən yol qəzası ilə bağlı da gündəmə gəlib. Şahmar İbadovun oğlu Elmar İbadovun idarə etdiyi avtomobilin vurduğu Ayna Həsənova sonradan vəfat edib. Elmar İbadov ilkin olaraq 5 il müddətinə azadlıqdan məhrum edilsə də, apellyasiya məhkəməsi hökmü ləğv edərək ona bəraət verib.
Səlcuq