Ermənistan fərari əsgəri Rusiyaya verməkdən imtina etdi
İrəvan polisi öz bölməsini icazəsiz tərk etdiyinə görə Rusiyada axtarışda olan keçmiş raket atıcısı Semyon Subbotini Rusiya hərbçilərinin aparmasına mane olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Novaya qazeta Yevropa” nəşri hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, Subbotin İvanovo vilayətinin Teykovo şəhərində Strateji Raket Qüvvələrində xidmət edib, lakin Ukraynaya qarşı müharibədə iştirak etməmək üçün 2024-cü ilin sentyabrında “Meşəyə get” layihəsinin köməyi ilə Rusiyanı tərk edib.
Ermənistanda əsgər qeyri-qanuni vəziyyətdə qalıb, çünki Rusiya cinayət işi qaldırdıqdan sonra onun barəsində beynəlxalq axtarış elan edib.
Hüquq müdafiəçiləri əlavə ediblər ki, Subbotin arxasınca düşən adamların onu vətənə aparmağa gəldiyini də öyrənib. Nəticədə o, özü İrəvan polisi ilə əlaqə saxlayıb və orada prosedura uyğun olaraq 72 saat saxlanılıb. Bu müddət ərzində Rusiya ekstradisiya üçün sənədlər təqdim etməli olsa da, ekstradisiya ilə bağlı yekun qərar Ermənistan məhkəməsinin öhdəsində qalıb.
Lakin Rusiya hərbçiləri prosedurla hesablaşmadan 25 yaşlı Subbotini aparmaq istəyiblər və müvəqqəti saxlama yeri olan binaya gəliblər. Bunu görən hüquq müdafiəçiləri adam oğurluğu riskinin olduğunu bildiriblər. Nəticədə həbs müddəti başa çatdıqdan sonra Subbotin sərbəst buraxılıb və polis bölməsinə aparılıb. Orada onu vəkil gözləyib. İndi keçmiş əsgər azadlıqdadır.
Nəşr yazır ki, Rusiya 40 gün ərzində Subbotinin ekstradisiyası üçün sorğu verə bilər, bu müddət başa çatdıqdan sonra Ermənistan onun axtarışını dayandıracaq.
Xatirə SADİQ