Əsirlikdən azad edilənlər yenidən döyüşə göndərilir - Rusiyada  

Rusiyada əsirlikdən azad edilənlərin yenidən döyüşə göndərildiyinə diqqət cəlb olunub. 

Sep 30, 2025 - 16:45
Əsirlikdən azad edilənlər yenidən döyüşə göndərilir - Rusiyada  

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “AzadlıqRadiosu” yazıb. 

Buna nümunə olaraq Rusiya ordusunun kiçik serjantı İvan Qrebennikovun taleyi göstərilib. Məlum olub ki, o, 2025-ci ilin mayında ən böyük məhbus mübadiləsindən biri olan “1000-ə 1000” mübadiləsindən sonra əsirlikdən Rusiyaya qayıdıb. Avqust ayında o, qolu şikəst və “D” kateqoriya ilə (hərbi xidmətə yararsız, hərbi xidmətdən tamamilə azad) öz istəyinə zidd olaraq cəbhəyə necə qaytarıldığından danışdığı videonu çəkib.

Qrebennikovun sözlərinə görə, hərbi biletində təkcə fiziki hazırlıq kateqoriyası deyil, həm də rütbəsi dəyişdirilib: kiçik çavuş əvəzinə onu sıravi rütbəyə dəyişiblər.

Onun doğmaları əsirlikdən gəldikdən aonra bir gün müddətinə belə evə buraxılmadığından şikayətləniblər. Onunla birlikdə əsirlikdən azad edilmiş əsgər yoldaşları deyiblər ki, onların hamısı cəbhəyə qaytarılır. Halbuki əksəriyyəti ağır yaralanıb və əsirlikdən qayıtdıqdan sonra hamısı müqavilələrdən imtina etdikləri barədə raport  yazıb.

Otuz yeddi yaşlı İvan Qrebennikov 2024-cü ilin aprelində Ukraynaya qarşı müharibədə döyüşmək üçün həbsxanadan cəbhəyə cəlb olunub. Altay bölgəsindən olan qaz qaynaqçısı 2024-cü ilin iyul ayından başlayaraq 10 ay əsirlikdə olub.
 
“Onun dörd yaşlı qızı var və onun xatirinə [həbsxana koloniyasından] çıxmaq istəyirdi. O, Vaqner muzdluları kimi altı ay döyüşəcəyini və sonra ailəsi ilə sərbəst qalacağını düşünürdü. Sonunda onu üç ay orada [cəbhədə] saxladılar, sonra daha 10 ay əsirlikdə saxladılar. İndi nəhayət, onu dəyişdirəndə evə belə gətirmədilər, mal-qara kimi geri qaytardılar. Baxmayaraq ki, onların heç biri döyüşmək istəmir. Orada nəinki soruşmurlar, onları qandallı vəziyyətdə daşıyırlar, halbuki çoxları qaçmağa hazırdır”, - deyə İvanın qohumu, şərti adı Natalya olan qadın vurğulayıb. 

Qrebennikovun yaxınları bildiriblər ki, Müdafiə Nazirliyinə və hərbi prokurorluğa məktubla müraciət etsələr də heç bir cavab almayıblar. Əksinə, onların şikayətlərindən sonra Grebennikov təcili olaraq Donetskə göndərilib. “Onlar qaytarıldıqdan sonra yaralı olduqları halda reabilitasiya və hətta müalicə almadan, razılıq olmadan qanuni yolla cəbhə bölgəsinə necə geri göndərə bilərlər?! Sağ əli olmasa, o, necə döyüşə girəcək?! O, pulemyotu belə saxlaya bilmir, hətta məni də çəkə bilmir. Yalnız başa düşmürəm ki, onların cəbhədə bütöv əlil dəstəsinə nə ehtiyacları var? Onları axı növbəti atəş zamanı öldürəcəklər, onların ölümü kimə lazımdır?”, - deyə keçmiş əsirin qohumu əlavə edib. 

Hüquq müdafiəçiləri qeyd edirlər ki, Cenevrə Konvensiyasının 117-ci maddəsi hərbi əsirlərin qayıtdıqdan sonra hərbi xidmətdə saxlanmasını qadağan etsə də, Rusiya hakimiyyəti buna əməl etmir.

Xatirə SADİQ