Putin Əsədin devrilməsini ölkəsinin məğlubiyyəti hesab etmir

“Suriyada baş verən son hadisələr Rusiyanın bu ölkədə məğlub olduğu anlamına gəlmir”.

Dec 19, 2024 - 16:14
Putin Əsədin devrilməsini ölkəsinin məğlubiyyəti hesab etmir

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Siz və sizin maaşınızı verənlər Suriyada baş verən hər şeyi bir növ uğursuzluq, Rusiyanın məğlubiyyəti kimi təqdim etmək istəyirsiniz. Sizi əmin edirəm ki, bu belə deyil. Və bunun səbəbini sizə deyəcəyəm. Axı biz on il əvvəl Suriyaya gəlmişdik ki, orada bəzi ölkələrdə, məsələn, Əfqanıstanda gördüyümüz kimi terror anklavı yaranmasın. Bütövlükdə məqsədimizə nail olduq”, - deyə Putin jurnalistə cavab verib.

O, qeyd edib ki, vaxtilə Bəşər Əsəd rejiminin hökumət qüvvələri ilə döyüşən silahlı qruplar da hətta müəyyən dəyişikliklərə məruz qalıb.

“Bu gün Avropa ölkələri və ABŞ-nin onlarla münasibətləri qurmaq istəməsi əbəs deyil. Əgər onlar terror təşkilatıdırsa, niyə ora soxulursunuz? Deməli, onlar dəyişiblər. Bu isə o deməkdir ki, müəyyən dərəcədə məqsədə nail olunub”, - Rusiya prezidenti vurğulayıb.

Putin deyib ki, Rusiyanın Suriyada quru qoşunları yoxdur, yalnız hərbi-dəniz və hərbi-hava bazaları var. Onun sözlərinə görə, Rusiya hətta xüsusi əməliyyat qüvvələrini respublikadan çıxarıb, yerüstü komponent Suriya ordusu və iranpərəst qoşunlardan ibarət olub.

Putinin sözlərinə görə, Suriyada vəziyyət asan deyil və ölkəsi orada sülhün və əmin-amanlığın gələcəyini gözləyir. O, qeyd edib ki, Rusiya orada vəziyyətə nəzarət edən bütün qruplaşmalarla və regionun bütün dövlətləri ilə münasibəti saxlayır. Onların böyük əksəriyyəti Rusiya hərbi bazalarının Suriyada qalmasında maraqlı olduqlarını bildirirlər. 

Putin hesab edir ki, bu məsələdə tərəflərin maraqları üst-üstə düşməlidir.

“Bilmirəm, biz bu barədə düşünməliyik, çünki bu ölkədə vəziyyətə indi nəzarət edən və gələcəkdə nəzarət edəcək siyasi qüvvələrlə münasibətlərimizin necə inkişaf edəcəyinə özümüz qərar verməliyik. Əgər biz orada qalsaq, olduğumuz ölkənin maraqlarına uyğun nəsə etməliyik”, - deyə o, əlavə edib

Xatirə SADİQ