Fransa nəşri Donald Trampı doladı - “Gücsüz müşahidəçi…”

“ABŞ prezidenti Donald Tramp Ukrayna və Qəzza zolağında baş verən son hadisələrə sadəcə “gücsüz müşahidəçi” kimi baxır”.

Sep 12, 2025 - 13:39
Fransa nəşri Donald Trampı doladı - “Gücsüz müşahidəçi…”

SAVASHMEDİA.az xəbər verir ki, bunu Fransanın “Le Monde” nəşri yazıb. 

Məqalədə deyilir ki, 24 saat ərzində Tramp əhəmiyyətli səylər qoymağa qərar verdiyi iki əsas xarici siyasət məsələsi – Qəzza və Ukrayna ilə qəfildən yaxalandı. Hər iki halda heç bir aydın strategiya ortaya çıxmadı.

Qəzet xatırladıb ki, Ağ Evə qayıtdıqdan sonra Tramp tez-tez təcavüzkar ölkə Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putindən narazılığını və onun Ukraynada sülhə nail olmaq üçün kompromislər axtarmaq istəmədiyini ifadə edir. Tramp həmçinin İsrail və Qəzza zolağı arasındakı vəziyyətdən “çox narazı” olduğunu bildirir. Trampın artan “narazılıq” və “məyusluq” ifadələri onun hərəkətsiz olduğunu, hadisələrə təsir etmək iqtidarında olmadığını göstərir.

“ABŞ-nin Avropa və Yaxın Şərqdəki müttəfiqlərinin Ağ Evin prioritetlərinə və öhdəliklərinin etibarlılığına şübhə etmək üçün hər cür əsas var. Tramp Rusiya dronlarının NATO ölkəsi olan Polşaya soxulmasına sosial media paylaşımı ilə reaksiya verdi: “Nə baş verdi, Rusiya niyə Polşanın hava məkanını dronlarla pozur? Və naqqallıq başladı!”. ABŞ prezidenti artıq Rusiyaya bir neçə dəfə xəbərdarlıq edib və ikihəftəlik ultimatum verib ki, bu da heç bir hərəkətə gətirib çıxarmayıb”, - deyə qəzet vurğulayıb.

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS-ın siyasi rəhbərliyinin toplantısının keçirildiyi binaya zərbələr endirdiyini xatırladan nəşr diqqətə çatdırıb ki, Tramp may ayında ABŞ-nin “Heç vaxt Qətərlə indiki qədər güclü əlaqələrə malik olmadığını” və ABŞ-nin onu müdafiə edəcəyini demişdi. Nəşr onu da qeyd edib ki, Ağ Ev zərbəni açıq şəkildə pisləməyib və İsrailin baş naziri Benyamin Netanyahu hökumətinə heç vaxt real təzyiq göstərməyib.

Məqalənin sonunda deyilir ki, Tramp sələfi Co Baydendən nüfuzu və hörməti ilə fərqlənməsinin xarici liderlərdə heyranlıq doğurduğu ilə lovğalanır. Əslində isə, onun yanvar ayında Ağ Evə qayıtmasından sonra İsrailin Qəzzada və Rusiyanın Ukraynada hərbi cinayətləri misli görünməmiş səviyyəyə çatıb.

Xatirə SADİQ

Foto Associated Press-indir