Zelenskidən Putinə sərt sözlər - “Sən necə hüquqşünassan ki…”
“Putinin müəllimi ona alman dilini öyrədib, amma ona avropalı olmağı öyrədə bilməyib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə birinci xanımlar və centlmenlərin sammitində çıxış edərkən deyib. Ukrayna KİV-nin xəbərinə görə, sammitin mövzusu təhsil olub.
“Biz hamımız Putinin müəllimləri haqqında məlumat tapa bilərik. Rus təbliğatçıları tez-tez onun alman dili müəllimini göstərməyi xoşlayırdılar. Təcrübəli insandır və görünür ki, tələbəsi ilə fəxr edir. O, Putinə alman dilini öyrədib, lakin ona avropalı olmağı öyrədə bilməyib. Putin Leninqrad Universitetini bitirib, hüquqşünas peşəsi alıb. Bəs bu hüquqşünas Rusiyanı necə idarə edə bildi ki, Beynəlxalq Cinayət Məhkəməsinin orderi altına düşdü? Və həm də ukraynalı uşaqların oğurlanmasına görə”, - deyə Zelenski vurğulayıb.
O, xatırladıb ki, Putin idman dərnəyində mənəviyyat haqqında baza təsəvvürünü öz məşqçisindən almışdı. “Və bu, təkcə cüdo üzrə məşqçi deyildi, həyata və digər insanlara müvafiq münasibət üzrə daha çox kriminal anlayışlar üzrə idi. Putinin belə məşqçisi vardı. Bəs o zaman necə oldu ki, belə məşqçisi olmayan milyonlarla rus öz təfəkkürü ilə rəhbərinə bənzəyir?” – deyə Zelenski sual edib.
Ukrayna prezidenti nəzərə çatdırıb ki, Rusiya məktəblərində şagirdlər ölkələrinin əsl tarixini öyrənə bilmirlər. “Biz bir adamın tərcümeyi-halından və bir qatilin siyasətindən daha dərin bir şeylə qarşılaşmışıq. Biz Rusiyanın mədəniyyətində istər-istəməz müharibəyə gətirib çıxaran nə iləsə məşğul oluruq. Rusiya hansı qonşuları ilə vuruşmayıb? Hamısı ilə. Onlar hətta Çini alçaltmağa və müstəmləkə etməyə çalışdılar: vaxt var idi, Mançjuriyanı və Çinin digər ərazilərini mənimsəməyə cəhd edirdilər. Rusiyalı məktəblilər, rusiyalı tələbələr indi təhsil prosesində Rusiyanın bu dürüst tarixini öyrənə bilərlərmi? Əlbəttə, yox. Rusiyanın siyasi nadürüstlüyü əsasən Rusiyadakı akademik nadürüstlüyə – uşaqlara dərs deyənlərin nadürüstlüyünə əsaslanır”, - deyə Zelenski xəbərdarlıq edib.
Xatirə SADİQ