Ukrayna dronları Moskva səmasında - Mer təsdiqlədi
Mayın 6-na keçən gecə onlarla Ukrayna dronu Moskvaya hücum etməyə cəhd göstərib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu paytaxt meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, 19 pilotsuz təyyarə şəhərə yaxınlaşarkən səmada hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Pilotsuz təyyarələr bir neçə dalğa ilə Rusiya paytaxtına doğru uçub. Ümumilikdə hücum saat birdən səhər saat üçün yarısına qədər davam edib.
Mash və Shot telegram kanallarının məlumatına görə, dronlardan birinin qalıqları Kaşirskoye şossesindəki doqquz mərtəbəli yaşayış binasına düşüb. Zərbənin gücündən yuxarı mərtəbələrdə və gül dükanındakı pəncərələrin şüşələri tökülüb.
“İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat yoxdur", - deyə Sobyanin aydınlıq gətirib.
Lakin yerli sakinlərin sözlərinə görə, hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınları gəlib. Zərbəyə məruz qalmış ev “Kaşirskaya” metrosunun yaxınlığında və Kremldən təxminən 11 km aralıda yerləşir.
Moskvaya pilotsuz təyyarələrin hücuçları fonunda “Rosaviasiya” ölkənin 13 13 hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Onların arasında paytaxtın Vnukovo, Domodedovo, Jukovski, Şeremetyevo, Kaluqa, Volqoqrad, Saratov, Samara, İvanovo, Nijni Novqorod, Yaroslavl, Kazan və Nijnekamsk hava limanları olub. Bu müddət ərzində Moskva vilayətinin hava limanlarına uçan 34 təyyarə alternativ aerodromlara yönləndirilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sovet-alman müharibəsində Qələbənin 80-ci ildönümü ilə bağlı mayın 8-i Moskva vaxtı ilə saat 00:00-dan mayın 11-i Moskva vaxtı ilə saat 0:00-a qədər atəşkəs elan edib.
Ukrayna prezidenti Volodimir Zelenski üç günlük atəşkəs rejimini rədd edib və 30 gün müddətinə atəşkəs rejiminin yaradılmasını təklif edib.
Zelenski həmçinin bildirib ki, Kiyev Moskvadakı parada gələcək xarici dövlətlərin nümayəndələrinə təhlükəsizlik təminatı verməyəcək: “Rusiyanın bu tarixlərdə nə edəcəyini bilmirik. O, öz tərəfdən müxtəlif addımlar ata bilər: yanğın, partlayış və s. Sonra bizi günahlandıra bilər”.
Xatirə SADİQ