İlon Mask yenidən Britaniya hökumətinə hücum etdi
Amerikalı milyarder İlon Mask Britaniya hökumətinin tənqidlərinə cavab olaraq sahibi olduğu “X” sosial şəbəkəsində “ABŞ Britaniya xalqını tiran hökumətdən azad etməlidirmi?” sorğusunu yerləşdirib.
SAVASHMEDİA.az xəbər verir ki, Mask istifadəçilərdən sualına “bəli” və ya “yox” cavabı vermələrini xahiş edib.
O, sorğuya yazılan şərhlərdə kiminsə Britaniyanın “ştat ola biləcəyi” fikrini “pis ideya deyil” kimi qiymətləndirib.
Şərhlərdə Britaniya siyasəti ilə bağlı satirik hesabdan “Pişik Larri” cavabı ən çox bəyənmə toplayıb. İstifadəçi xatırladıb ki, qeyri-məhdud gücə malik və amansız üsullarla idarə edənlər tiran adlandırılır.
Qeyd edək ki, amerikalı milyarderin növbəti hücumu Böyük Britaniyanın baş naziri Kir Starmerin ona işarə edərək, yalanların və saxta xəbərlərin yayılmasını pisləməsindən sonra baş verib.
Mask bir sıra “X” postlarında britaniyalı baş naziri ölkənin baş prokuroru olarkən “Britaniyanın zorlanmasının ortağı” adlandırıb və Starmerin əməllərinə görə cavab verməli olduğunu vurğulayıb.
Söhbət 2010-cu illərdə Britaniyanın müxtəlif şəhərlərində mütəşəkkil cinayətkar dəstələrin uşaqlara qarşı zorakılıq etməsi ilə bağlı qalmaqaldan gedir.
Britaniyanın hazırkı baş naziri 2008–2013-cü illərdə Britaniyanın baş prokuroru vəzifəsində işləyərkən bu dəstələrin fəaliyyətini araşdırıb və sonra uşaqlara qarşı zorakılıq hallarına baxılması üçün sistemin yenidən qurulmasına göstəriş verib.
Mövzu ilə bağlı medianın çoxsaylı suallarına cavab olaraq Starmer bəzi hallarda tənqidlərin “sərhədləri keçdiyini” söyləyib.
Maskın adını çəkmədən Starmer jurnalistlərə deyib: “Yalan və dezinformasiyanı mümkün qədər geniş şəkildə yayanları qurbanlar maraqlandırmır, onları özləri maraqlandırır. Mən siyasi mübarizəni, aparmalı olduğumuz aktiv debatları bəyənirəm, lakin bu, yalana deyil, faktlara və həqiqətə əsaslanmalıdır", - Britaniyanın baş naziri əlavə edib
Xatırladaq ki, bu, İlon Maskın Britaniya hökumətini tənqid etdiyi yeganə hal deyil. O, həmçinin suriyalı qaçqın məktəbli haqqında böhtan xarakterli ifadələrə görə məhkəmə qərarını pozduğuna görə oktyabr ayında həbs edilən brritaniyalı ifrat sağçıların lideri Tommi Robinsonu dəstəkləyib.
Bundan sonra Britaniya hökuməti Maska diqqətini Amerika siyasətinə yönəltməyi tövsiyə edib.
Xatirə SADİQ