Gültəkin Hacıbəyli Ramiz Mehdiyevi belə mədh edir - VİDEOSU YAYILDI

Milli Məclisin II və III çağırış deputatı, Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdən heyranlıqla bəhs etdiyi videosu yayılıb.

Nov 20, 2025 - 19:58
Gültəkin Hacıbəyli Ramiz Mehdiyevi belə mədh edir - VİDEOSU YAYILDI

SAVASHMEDİA.az xəbər verir ki, həmin görüntülərdə G.Hacıbəyli Ramiz Mehdiyevə mədhiyyə düzür. Ürəyinin həssaslığından, insan sərrafı olmasından dəm vurur:

“Bu insanın içində, köksündə sözün həqiqi mənasında həssas ürək var. Ramiz müəllim çox sərraf adamdır. İnsan seçməyi, insanı dəyərləndirməyi sərraf dəqiqliyi ilə bacarır”.

Videonun irəliləyən saniyələrində G.Hacıbəyli mədhin dozunu artıraraq Ramiz Mehdiyevdən ayrı yol seçənləri vətən xaini adlandırır:

“Ramiz müəllimlə yol getməyən insanların qalereyasını yaradaq. Bu insanlara baxaraq təhlil edək. Sonunda görmüşük ki, bu insanların əksəriyyəti Azərbaycan dövlətinə, dövlətçiliyinə xəyanət ediblər. Onlar bəlkə də atacaqları məsuliyyətsiz addımlardan məhz ona görə (Ramiz Mehdiyev-red) çəkinirlər”.

Xatırladaq ki, təxminən bir ay öncə Ramiz Mehdiyevə ev dustaqlığı cəzası verildikdən sonra Gültəkin Hacıbəylinin ölkədən qaçması ilə bağlı xəbər yayıldı. G.Hacıbəyli xəbərin yalan olduğunu bildirdi, qaçmadığını, sadəcə olaraq oğlunu görmək üçün Türkiyəyə getdiyini qeyd etdi. Daha sonra isə Ramiz Mehdiyevin deputat olduğu zaman Gültəkin Hacıbəyliyə iki mənzil bağışlaması xəbəri və mənzillərin çıxarışı yayıldı. Məlumata görə, hər iki mənzil eyni binada yerləşir. Onlardan biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin, digəri isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. G.Hacıbəyli bu xəbərləri təkzib etmədi.

Səlcuq