“Gürcü arzusu” beynəlxalq araşdırmaların əleyhinə çıxdı
“Seçki pozuntuları ilə bağlı şikayətlərə Gürcüstan Mərkəzi Seçki Komissiyası baxacaq”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili bəyan edib.
“Bu ölkədə başqa dövlətin deyil, Gürcüstanın yurisdiksiyası qüvvədədir. Gürcüstan administrasiyası və məhkəmələri ən yüksək standartlara cavab verir”, - deyə spiker vurğulayıb.
Papuaşvili əlavə edib ki, əvvəllər Gürcüstan məhkəmələrinin qərarları, məsələn, “Rustavi 2”, Nika Qvaramiya, Nika Melia və Mixail Saakaşvilinin işlərində şübhələrə məruz qalıb, amma yekunda Avropa İnsan Hüquqları Məhkəməsi. onların obyektivliyini təsdiqlədi.
“Biz hər şeylə bağlı daxili araşdırmaları çox yaxşı aparırıq, əgər ehtiyac varsa, bu, ilk növbədə Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətlərə baxılması deməkdir”, - deyə Papuaşvili ABŞ Dövlət Departamentinin və yerli qeyri-hökumət təşkilatlarının seçki pozuntuları ilə bağlı beynəlxalq araşdırmanın aparılmasının zəruriliyi haqqında bəyanatlarına cavab olaraq bildirib.
Onun sözlərinə görə, ABŞ-nin yurisdiksiyasında olan “Edison Research” exit-pollunun saxtalaşdırılması beynəlxalq araşdırma tələb edir.
Qeyd edək ki, seçkilərin nəticələri açıqlanandan sonra ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar beynəlxalq və yerli müşahidəçilərə qoşulur və səsvermə günü aşkar edilmiş pozuntuların tam araşdırılmasına çağırır.
Miller deyib ki, Birləşmiş Ştatlar öz avropalı tərəfdaşları ilə hansı qurumun belə bir araşdırma aparmasının məqsədəuyğun olacağı ilə bağlı məsləhətləşmələr aparır.
Xatirə SADİQ