Gürcü müxalifəti AŞ baş katibinin səfərini tənqid etdi
Gürcüstana səfər etmiş Avropa Şurasının (AŞ) baş katibi Alen Berse “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə görüşüb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, hakim partiyanın mətbuat xidməti məlumatı təsdiqləyib.
Media yazır ki, görüşün təfərrüatları məlum deyil.
Bundan əvvəl Alen Berse baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani ilə görüşlər keçirib.
Bu gün isə Avropa Şurasının baş katibinin vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə görüşləri olacaq.
Görüşdən öncə müxalifət qüvvələri bəyan ediblər ki, “Gürcü arzusu” Avropa Şurasının baş katibi Alen Bersin Tbilisiyə səfərindən təbliğat məqsədləri üçün istifadə edir.
“Dövləti qəsbetmə müəllifləri bu səfərdən Gürcüstan vətəndaşlarını çaşdırmaq üçün istifadə etmək istəyirlər, sanki Avropada kimsə onların legitimliyini tanıyır”, - deyə “Dəyişikliklər Uğrunda Koalisiya”nın bəyanatında bildirilib.
Koalisiya həm də Berseyə irad tutub. Müxalifət hesab edir ki, hazırkı vəziyyətdə Gürcüstana beynəlxalq səfərlər yalnız yeni seçkilərin keçirilməsi zərurəti ilə bağlı aydın siyasi ismarıclarla həyata keçirilməlidir.
Müxalifətçilərin sözlərinə görə, bütün digər hallarda belə səfərlər Gürcüstan vətəndaşları arasında Bidzina İvanişvilinin cinayətkar komandasının xarici siyasət cəhdləri ilə bağlı kinayə və şübhələr yaradır.
“Biz əminik ki, Avropa Şurası baş katibinin səfəri Gürcüstanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, xüsusən də siyasi məhbus olmuş həmvətənlərimizin azad edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək”, - deyə koalisiyanın bəyanatında nəzərə çatdırılıb.
Xatirə SADİQ