Gürcüstan prezidenti Trampı qınadı - “Sənə səndən şikayətim var”
Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvili amerikalı həmkarı Donald Trampı onun ölkəsinə “lazımi diqqət yetirməməkdə” qınayıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Kavelaşvili bu qınağını Trampa yazdığı məktubda əks etdirib.
“Deyirlər ki, son bir neçə ayda siz dünyanın yarısını dəyişmisiniz. Lakin sizin administrasiyanız bizim ölkəmizə lazımi diqqət göstərmir”, - məktubda deyilir.
Kavelaşvili şikayətlənib ki, “dəyərlərin tam üst-üstə düşməsi” fonunda bu, gürcü cəmiyyətini təəccübləndirir: “Sizin passivliyiniz gürcü xalqında administrasiyanızın hərəkətlərinin regionda sülhün möhkəmləndirilməsi baxımından nə qədər azad və səmimi olduğuna dair şübhələr və suallar yaradır”.
“Dərin Dövlət”in Gürcüstanla bağlı fəallığını davam etdirdiyini vurğulayan Kavelaşvili bildirib ki, Trampın baş verənlərə diqqət yetirəcəyinə ümid edir.
“Maraqlıdır ki, prezident olduğunuz bir neçə ay ərzində siz Gürcüstanın bütün qonşu ölkələri ilə sıx əlaqələr qurmusunuz – Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla kömək etdiniz, Türkiyə hakimiyyəti ilə fəal əməkdaşlıq etdiniz, hətta Vladimir Putinlə tərəfdaşlığı bərpa etdiniz. Lakin bu fonda administrasiyanız Gürcüstan haqqında heç nə demir, bu isə, yuxarıda dediyim kimi, Gürcüstan cəmiyyətini təəccübləndirir”, - deyə Kavelaşvili qısqanclığını gizlətməyib.
Kavelaşvili sonda bildirib ki, ölkə prezidenti kimi Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığı təmiz səhifədən və konkret “yol xəritəsi” ilə bərpa etməklə “Gürcüstan hökumətinin bəyan etdiyi məqsədin həyata keçirilməsini asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bu məqsədə nail olmaq üçün zəruri şərt administrasiyanızda Gürcüstan dövlətinə və gürcü xalqına ədalətli və hörmətli münasibətin formalaşdırılmasıdır”.
Gürcü KİV-i xatırladıb ki, bu, hakim partiyanın Amerika prezidenti ilə əlaqə saxlamaq üçün ikinci cəhdidir, bundan əvvəl Trampa məktubu baş nazir Kobaxidze yazıb.
Qeyd edək ki, Tbilisi ilə Vaşinqton arasında münasibətlər son iki ildə kəskin şəkildə pisləşib. Bu, hakim partiyanın “xarici agent haqqında qanunu” qəbul etməsindən sonra baş verib.
Xatirə SADİQ