Gürcüstanın Aİ-yə üzvlüyü prosesi rəsmən dayandırıldı
Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Gürcüstanın bu təşkilata daxil olması prosesinin faktiki dayandırıldığını rəsmən elan ediblər.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının iclasının yekun sənədində deyilir.
Sənəddə qeyd edilir ki, Avropa Şurası Aİ-nin gürcü xalqını Avropa yolunda dəstəkləməyə hazır olduğunu təsdiqləyir.
“Eyni zamanda, o Gürcüstan hökumətinin Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan fəaliyyət kursu ilə bağlı ciddi narahatlığını bir daha təkrarlayır”, - sənəddə vurğulanır.
Avropa Şurası xatırladıb ki, belə fəaliyyət kursu Gürcüstanın Avropa yolunu təhlükə altına qoyur və Aİ-yə üzvlük prosesini de-fakto dayandırır.
“O Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və dayanıqlı islahatları qəbul etməyə çağırır. Avropa Şurası vəziyyəti diqqətlə izləməyə davam edəcək”, - deyə sonda qeyd edilir.
Aİ həmçinin qarşıdan gələn parlament seçkilərinin azad və ədalətli olmasını, beynəlxalq və milli seçki müşahidəçilərinin maneəsiz iştirak edəcəyini gözləyir.
Avropa Şurası həmçinin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi prinsipinə sadiqliyini vurğulayıb.
Xatirə SADİQ