“Gürcüstanın Rusiyanın təsir dairəsinə qayıtması...” - Salome Zurabişvili
“Biz hibrid vasitələrdən və yumşaq gücdən istifadə edərək Gürcüstana qarşı mübarizə aparan Rusiya ilə mücadilə edirik. Avropalı və amerikalı tərəfdaşlarımız Rusiyanın yumşaq güclə nəyə nail ola biləcəyini sınaqdan keçirməsi faktından narahat olmalıdırlar”.
SAVASHMEDİA.az SOVA-ya istinadən xəbər verir ki, bunu “Foreign Policy" jurnalına müsahibəsində Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili deyib.
Ölkəsindəki siyasi böhrandan danışan keçmiş president Gürcüstanda hansı dəyişikliklər ssenarisinin baş tutma ehtimalı ilə bağlı suala belə cavab verib: “Bizim bildiyimiz yalnız iki ssenari var: seçkilər və seçkiyə qədər etirazlar. Amma müəyyən müqavimət olmalıdır və bu müqavimət kənardan daha yaxşı dəstək almalıdır”.
O, sanksiyalardan danışan Bayden administrasiyasını tənqid edib: “İnsanlar hansısa dərəcədə bu ritorikaya öyrəşdilər. Amma son günə qədər heç nə qəbul edilmədi. Gürcüstanda sanksiyalar işləyir, çünki kiçik ölkədir və hamı hər kəsi tanıyır. Sanksiyalar ikinci səviyyədə işləyir, müəyyən dərəcədə birinci səviyyəyə də toxuna bilər, elə deyilmi? Lakin bu, Bdzina İvanişviliyə təsir etmir. Sanksiyalar yeganə vasitə ola bilməz, özü də əgər onlardan danışırsansa, onları tətbiq etmək lazımdır, əks halda bu, boş təhdidə çevrilir”.
Zurabişvili nəzərə çatdırıb ki, hazırkı gürcü hökuməti Rusiya istiqamətində hərəkət edir. “Gürcüstanın qeyri-sabitliyi və Rusiyanın təsir dairəsinə qayıtmaq Azərbaycan, Ermənistan, tranzit zonalar, bütövlükdə Qafqazın rolu üçün təhlükə yaradır. Konqresmenlərə mesajım odur ki, Gürcüstana diqqət lazımdır, çünki Amerikanın regiondakı maraqları təhlükə altındadır. Amerika və Avropa nəyəsə cəhd göstərmədən Gürcüstanı Rusiyaya güzəştə gedir”, - deyə Salome Zurabişvili əlavə edib.
Hakim partiyanın hökumət əleyhdarlarını həbs etməsinə gəlincə, Zurabişvili bildirib ki, həbsi istisna deyil. “Mən, yəqin ki, ilk siyahıda olmayacağam. Hələlik onlar siyasi partiyaların həqiqətən parçalandığını göstərmək üçün daha çox siyasi liderləri seçirlər. Amma heç nəyi istisna etmək olmaz. Aydındır ki, bu strategiyada qırmızı xətlər yoxdur”, - deyə keçmiş prezident xəbərdarlıq edib.
Xatirə SADİQ