Alabay itləri sahibini niyə parçalayıb? - "Səbəbsiz deyil..."
Bakıda itlər öz sahibini parçalayaraq öldürüb.
SAVASHMEDİA.az xatırladır ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 70 yaşlı Ə.Y-ya saxladığı Alabay cinsli itlər sahibinə hücum edib. Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar. Nəticədə itlər sahibini parçalayaraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə, Ə.Y biri erkək, biri dişi olmaqla, 2 nəhəng it saxlayıb.
GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti və Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov “Sherg.az”a bildirib ki, keçmişdə də bir neçə dəfə belə hallar olub:
“Düşünürəm ki, bu hall it döyüşləri ilə məşğul olan şəxslərə qarşı baş verib. Ümumiyyətlə Alabay itlərini əsasən döyüş niyyəti ilə saxlayırlar. Yəni onları döyüşlərə çıxarırlar, çoxaldırlar və balalarını baha qiymətə satırlar. Xüsusilə də bu cür məsələlərdə Maştağa, Qala kəndi, və NZS kimi yerlər seçilir. Bundan öncə də NZS də belə hadisə olmuşdu. Yəni döyüş itləri saxlamışdılar və daha sonra da onlar öz sahibini parçalamışdı. Yəqin o qədər döyüşlərdə istifadə ediblər ki, axırda da öz sahibini parçalayıblar. Heç vaxt boş yerə belə hadisələr baş vermir. Bunların kökündə heyvanlara qarşı amansız rəftar dayanır. Mənim yaşadığım evdə yüzə yaxın böyük itlər var. İllərdir biz onları xilas edirik və saxlayırıq. Bu vaxta qədər bir dəfə də mənə cırmaq atan olmayıb. Amma bütün bu bənzər hadisələri araşdıranda şahidi oluru ki, ya əziyyət edilib, ya da döyüş üçün saxlayıblar. Belə vəziyyətlərdə isə itlərin içində o qədər qəddar münasibət formalaşır ki, axırda öz sahibinə də hücum edir”.