"Heç nəyi əvvəlcədən planlaşdırmamışdım" - Bəşər Əsəddən İLK AÇIQLAMA
Suriya prezidenti vəzifəsindən istefa verən Bəşər Əsəd bildirib ki, vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı heç vaxt istefa vermək və sığınacaq istəmək imkanını düşünməyib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Bəşər Əsədin bəyanatı onun mətbuat xidmətinin teleqram kanalında yayılıb.
Qeyd edək ki, bu, onun Suriyadakı hakimiyyət dəyişikliyindən sonra ilk açıq bəyanatıdır.
O iddia edir ki, dekabrın 8-i səhər tezdən, silahlı dəstələr paytaxta yaxınlaşanda, Dəməşqdə qalıb və yalnız həmin günün axşam saatlarında Suriyanı tərk edib.
Bəyanatda deyilir ki, yaraqlılar Dəməşqə daxil olduqdan sonra o, Suriyanın Latakiya əyalətinə (Rusiyanın Xmeymim aviabazası orada yerləşir) istiqamət alıb. Onun paytaxtdan gedişi “Rusiya müttəfiqləri ilə razılaşdırılaraq və hərbi əməliyyatların sonrakı monitorinqi məqsədilə” həyata keçirilib. Axşam isə Bəşər Əsəd Rusiyaya uçub.
Bəşər Əsədin sözlərinə görə, o, paytaxtın silahlılar tərəfindən zəbt edilməsindən Dəməşqi tərk etdikdən sonra xəbər tutub. O, “terrorçular” tərəfindən ələ keçirilən ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.
Bəşər Əsəd qeyd edib ki, gedişindən əvvəl son hərbi mövqelərin dağıdılması və bunun nəticəsində bütün dövlət qurumlarının iflic olması baş verib: “Mənim Suriyanı tərk etməyim planlaşdırılmamışdı və bəzilərinin iddia etdiyi kimi, bu, döyüşlər davam edərkən son saatlarda baş vermədi”.
Bəşər Əsəd 2000-ci ildən başlayaraq, ailəsi isə 1971-ci ildən ölkəyə rəhbərlik edib. “Reuters” mənbələrə istinadən yazıb ki, dekabrın 7-də, yola düşməkdən bir neçə saat əvvəl Əsəd kəşfiyyat xidmətlərinin və ordunun 30 yüksək rütbəli nümayəndəsi ilə görüşdə Rusiya hərbi qüvvələrinin “artıq yolda” olduğuna inandırıb. Eyni zamanda, həmin gün axşam özü Rusiya aviabazasına yola düşüb.
“Bloomberg”in məlumatına görə, islamçılar Dəməşqə yaxınlaşarkən Rusiya Bəşər Əsəd və onun ailəsini dərhal tərk etməyə razılıq verəcəyi təqdirdə təhlükəsiz təxliyə vəd edib.
Bu günlərdə isə Türkiyə xarici işlər naziri Hakan Fidan “NTV” telekanalına müsahibəsində Əsədin necə təslim olduğu barədə məlumatı açıqlayıb.
Fidanın sözlərinə görə, Qətərdə aparılan danışıqlar zamanı Türkiyə Rusiya və İranı Əsəd üçün vəziyyətin çıxılmaz olduğuna inandırıb. Məhz Türkiyənin əsaslı arqumentlərindən sonra Rusiya və İran Əsədi qorumaqdan və daha artıq qan tökməkdən vaz keçməli olub.
Xatirə SADİQ