Həftəbecər - 11
* 1 mart 2025-ci il tarixindən Rusiya vətəndaşları bankdan kredit pul götürməyi özlərinə rəsmi surətdə qadağan edə bilərlər. Hesab olunur ki, bu tədbir sənin adına borc almaq istəyən fırıldaqçıların qarşısını kəsəcək.
* Düşüncə dahisi Bernard Şou demişdi: “Nobel mükafatı üzgüçü sahilə müvəffəqiyyətlə çatdıqdan sonra kömək üçün ona atılan xilasetmə dairəsidir”.
Bir əsr bundan əvvəl Şou özü Nobel mükafatına layiq görüldü və onun pul hissəsindən imtina etdi. Yəqin Azərbaycandan qocalığa görə müavinət alırdı, ehtiyacı yox idi...
* XX əsrin 20-ci illərində Amerikada populyar olmuş rəqs zamanı insanın bədəni yerində tərpənməz qalır, çiyinləri isə tez-tez hərəkət edirdi: sağ çiyin irəliyə – sol çiyin geriyə, sonra əksinə. Rəqs şimmi adlanır.
* “Qadın qoxusu” kinofilmində Al Paçinonun və Qabriel Anvarın ifasında “Por una Cabera” tanqo rəqsi filmin ən parlaq, yadda qalan və sevilən səhnələrindəndir.
Azərbaycanın dublaj və tərcümə profesTorlarının nəzərinə. 3 variant mövcuddur:
Ətir – ətriyyat məhsullarından gəlir;
Qoxu – bədəndən gəlir;
İy – sizin tərcümədən...
* Varlı mesenat Tretyakov illər ərzində alıb topladığı böyük rəsm əsərləri kolleksiyasını – qalereyanı – Moskva şəhərinə hədiyyə verdikdə, imperator ona zadəgan zümrəsinə üzvlük bəxş etmək istəyir. Lakin Tretyakov bu şərəfli addan imtina edərək deyir: “Tacir doğulmuşam, tacir də öləcəyəm”.
* 1925-ci ildə Mustafa Kamal Atatürk Türkiyədə bütün dərviş təşkilatlarının fəaliyyətini qadağan etdi. Çoxları Albaniyaya köçdülər. Bəktaşilərin ordeni hələ də oradadır.
Bəktaşilik XIII əsrdə Kiçik Asiyada yaranmış dərviş təriqətidir. Banisi, güman edildiyinə görə, Mərkəzi Asiyadan gəlmiş dərviş Hacı Bəktaşi Vəli olub. Bəktaşi təriqəti müsəlman (əsasən, şiə məzhəbi) və xristian təriqətlərinin müxtəlif ünsürlərini birləşdirirdi. Bəktaşilər dərviş məskənlərində yaşayırdılar. Onların çoxlu özəl torpağı olurdu. Osmanlı imperiyasında bu təriqətə mənsub adamların rolu xüsusilə artmışdı. Burada bəktaşilər yeniçərlərin müdafiəçisi idilər.
* 2018-ci ilədək Səudiyyə Ərəbistanında qadınlara avtomobil sürmək qadağan olunmuşdu.
* Molyerin “Yalançı həkim” pyesində xidmətçi Tuaneta deyir: “Kimin saqqalı varsa, o, artıq yarım həkimdir”.
Görürəm, şəhərdə (hər yerdə!) həkimlərin qurultayları keçirilir. Bakının dərdi var, Bakı xəstədir...
* Hippokrat: “Ümidsiz xəstəlik zamanı təhlükəli dərman tələb olunur”.
* Suya daxil olmaqdan ötrü batiskaf. Bu aparatı ötən əsrin 40-cı illərində isveçrəli alim Ogüst Pikkar icad edib.
* Futbol üzrə bu yaxınlarda keçirilmiş Avropa çempionatında yeni, xüsusi toplardan istifadə olunub. Onun daxilində yerləşən çip saniyədə 500 dəfə topun harada olduğunu, eləcə də ona kimin və harası ilə toxunduğunu müəyyənləşdirir.
* XV əsrin 80-ci illərində bütün dövrlərin dahisi Leonardo da Vinçi sürətlə ox atan arbalet ixtira etmişdi. Onun cizgilərinə əsasən hazırlanmış silahı Milan şəhərindəki muzeydə görə bilərsən. Əgər Milana getsən və geyim butiklərini gəzməkdən vaxtın qalsa...
* İkinci Dünya müharibəsi zamanı Britaniya hərbi hava qüvvələri qulluqçularının uniformasına iki ədəd xüsusi metal düymə tikilirdi. Lazım gəldikdə, onlardan kompas kimi istifadə etmək olardı. Bundan ötrü düymələrdən birinin maqnitli kənarı digər düymənin kənarına qoyulurdu və fırlanaraq lazımi istiqaməti göstərirdi.
* 1964-cü ildə rejissor Georgi Daneliyanın “Mən Mockvada gəzirəm” filmində çəkilmiş artist Qalina Polskix Kann kino festivalına getmək üçün həmkarlarından – iki Jannadan – iki paltar borc götürdü. Birini Janna Bolotovadan, digərini Janna Proxorenkodan.
* 1790-cı ildə Mexikoda arxeoloji qazıntılar zamanı yerin altından asteklərin qadın tanrısının heykəli çıxdı. Yerli hin(dilər)(dular) həmən ona baş əyməyə, ibadət etməyə atıldılar. Vahiməyə düşmüş xristian kilsəsinin tələbi ilə heykəl yenidən torpağa basdırıldı.
* Məlumdur ki, kiminsə heykəlini ucaltmaq istəyəndə, deyirlər: “...xatirəsini əbədiləşdirmək üçün”. Sonra isə dağıtmağa qoymurlar: “Bu, tarixdir”.
Soruşuram, bəs Hitlerin abidəsi niyə hər yerdə yoxdur? Axı o da tarixdir. Təkcə SSRİ-də 30 milyona yaxın insan öldürüb.
Diktator Frankonun İspaniyada heykəlləri rəsmi surətdə qadağan edildikdə, Melilya şəhərindəki heykəlinə lap 2021-ci ilədək toxunmadılar. Deyirdilər ki, heykəl cavan Frankonu təsvir edir, cavan ikən isə o, hələ kaudilyo deyildi.
* Ənənəyə görə, Finlandiyada qız, qadın dörd il ərzində bir dəfə – fevralın 29-da – kişiyə evlənmək təklifi edə bilər. Bu təklifi rədd edən şəxs həmin qadına yeni ətək (“yubka”) üçün parça almalıdır. Təzminat kimi...
A.ƏZİZ