HƏMAS maaş verə bilmir 

Fələstin HƏMAS hərəkatının hərbi qanadı yüksək təlim keçmiş döyüşçülərinə maaş verə bilmir. 

Jul 21, 2025 - 16:57
HƏMAS maaş verə bilmir 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) yazıb.

İsrail ordusunun zabiti və “Mossad”ın antiterror bölməsinin keçmiş rəhbəri Oded Aylam nəşrə bildirib ki, HƏMAS həm də İsrail hərbçilərinin dağıtdığı Qəzza zolağında yeraltı tunelləri bərpa etmək və ya həlak olan üzvlərinin ailələrinə müavinət vermək iqtidarında deyil. Bu faktı bir fələstinli polis və iki qəzzalı sakin də təsdiqləyib.

WP qeyd edib ki, qrup İsraillə müharibə səbəbindən 40 illik tarixində ən ağır maliyyə və inzibati böhran yaşayır. Hərəkata yaxın olan analitik İbrahim Madhunun fikrincə, HƏMAS belə uzunmüddətli hərbi əməliyyatlara hazır deyildi və “sərt iqtisadi tədbirlər görməyə” məcbur oldu. Eyni zamanda qrup Qəzzanın əsas infrastrukturunu dəstəkləməyə çalışır.

Xatirə SADİQ