Həmin məktubu Ehtiram Quliyevdən gizlədiblər? - "And içirəm, mənə inanmırsınız?"

“Turan Tovuz” avrokuboklardan kənarda qala bilər. Hadisələrin axarı buna doğru aparır.

Jun 3, 2026 - 22:21
Həmin məktubu Ehtiram Quliyevdən gizlədiblər? - "And içirəm, mənə inanmırsınız?"

Klub bu gün yaydığı məlumatda UEFA-dan məsələ ilə bağlı məktub aldığını təsdiqləyib.

Problem 2019-cu ildə oyun alqı-satqısında iştirak etdiyinə görə 7 futbolçunun futboldan ömürlük uzaqlaşdırılmasına görə yaranıb. 

Belə məqamda ortaya bir yox, bir neçə sual çıxır. Həmin vaxt “Turan Tovuz”un avrokuboklarda iştirakına qadağa qoyulması barədə kluba məktub daxil olub? 

Məktub daxil olubsa, hardadır? Kimdədir? Niyə müəmmanın üstü məhz indi açılıb? Klubun o vaxtkı rəhbərliyi məsələdən xəbərdar idi? Bu barədə hazırkı prezident Ehtiram Quliyevə məlumat verilib?

SAVASHMEDİA.az xəbər verir ki, sportinfo.az suallara aydınlıq gətirmək üçün “Turan Tovuz”un o dönəmdəki İdarə Heyətinin sədri Oqtay Abdullayevlə danışıb:

“Turan Tovuz”un o dövrdəki rəhbəri mən olmuşam. Klubla bağlı bütün məsələlərdən xəbərim olub. Yəni nə olurdusa, məni məlumatlandırırdılar. Nəyə istəyirsiz and içə bilərəm ki, UEFA-dan, yaxud AFFA-dan kluba “Turan Tovuz”un avrokuboklarda iştirakına qadağa qoyulması barədə məktub daxil olmayıb. Nəinki məktub, heç şifahi sözlə də deyilməyib. Nə də kimsə zəng edib deyib.

UEFA-dan hansısa cəza və ya cərimə ilə bağlı məktub göndərilirsə, kluba daxil olur. Ya da AFFA kluba müraciət ünvanlayır. Bizdə hansısa məlumat və ya məktub olsaydı, özümüz bilərdik. Bu barədə klubun yeni rəhbərliyinə xəbər verərdik.

Mənə inanmırsınız, zəng edib o vaxt klubda çalışan Nadir Nəbiyevdən, bu gün də “Turan Tovuz”da işləyən Süleyman Tağıyevdən soruşa bilərsiniz. Görün, bizə belə bir bildiriş göndərilib, ya yox.

Kluba məktub daxil olmayıbsa, yeni rəhbərlik məsələdən necə xəbərdar olsun? Ya da, bildiriş göndərilibsə, kimsə çıxıb sübut etsin. Bundan artıq nə deyim?

Bu, “Turan Tovuz”a qarşı haqsızlıqdır, illərdir çəkilən əziyyətin yerə vurulmasıdır”.

Bildirək ki, bölgə təmsilçisi UEFA İntizam Komitəsinin məlum qərarı ilə razılaşmadığı üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.