Hər alpinist Everestə qalxa bilməyəcək - QADAĞA

Nepal hakimiyyəti təcrübəsiz alpinistlərə Everest zirvəsinə qalxmağı qadağan etmək niyyətindədir.

Apr 28, 2025 - 17:20
Hər alpinist Everestə qalxa bilməyəcək - QADAĞA

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, qanun layihəsi Everestdə izdihamın azaldılmasına və təhlükəsizliyin artırılmasına yönəlib. 

Yeni qanun layihəsi təklif edir ki, yalnız ən azı 7000 m hündürlükdə Nepal dağına qalxdıqlarını sübut edə bilən alpinistlərə Everestə dırmaşmağa icazə veriləcək. Belə alpinisti dağ bələdçisi və Nepaldan olan heyət rəhbərinin müşayiət edəcəyi gözlənilir. 

Agentlik qeyd edir ki, ölkənin hakim alyansı parlamentin yuxarı palatasında çoxluğa malikdir. Bu, qərarın qəbul edilməsi ehtimalının daha yüksək olduğunu göstərir.

Alpinistlər artıq qanun layihəsini tənqid ediblər. Onlar təkcə Nepalda deyil, 7000 m-dən yuxarı istənilən zirvəyə qalxmış hər kəsə Everestə dırmaşmağa icazə verməyə çağırırlar. Bundan əlavə, ilkin dırmaşmanın hündürlüyünü 6500 m-ə qədər azaltmaq təklif olunur, çünki Nepalda 7000 m-dən yüksək məqbul zirvə tapmaq “çox çətindir”.

Tənqid müşayiət edən bələdçilərlə bağlı tələblərdən də yan keçməyib. Mütəxəssislərin fikrincə, həqiqətən ixtisaslı bələdçilər çatışmır.

Agentlik qeyd edir ki, 2023-cü ildə dünyanın ən yüksək dağının yamaclarında ən azı 12 nəfər həlak olub, daha beş nəfər itkin düşüb, 2024-cü ildə isə səkkiz alpinist həlak olub. Məlum olub ki, 2023-cü ildə cəmi 478 nəfərə Everestə qalxmaq icazəsi verilib. 

Ölümlərin çoxu dağın yamaclarında həddindən artıq sıxlıq, xüsusilə də sağ qalmaq üçün kifayət qədər oksigenin olmadığı zirvənin altındakı “ölüm zonası”nda uzun növbələr ilə əlaqələndirilir.

Xatirə SADİQ