Müxalifətin telekanalı bağlanır - Gürcüstanda
Gürcüstanın müxalif “Mtavari” telekanalı mayın 1-də yayımını dayandıracaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun gürcü xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq bildirişi bu gün telekanalın baş direktoru Georgi Qabuniya əməkdaşlarına göndərib.
“Mtavari”bib bir neçə jurnalisti də “Facebook”dakı səhifələrində “çətin mərhələnin sonu” və “son ümidin” süqutu barədə yazıblar.
2019-cu ildə “Mtavari”ni quran müxalifətin “Axali№ partiyasının lideri Nika Qvaramiya onları ruhdan düşməməyə və siyasi mübarizəni davam etdirməyə çağırıb.
“Mtavari” xəbərlə bağlı heç bir rəsmi açıqlama verməyib.
Bu telekanal fevralın 15-dən xəbər blokları və digər canlı yayımların istehsalını dayandırıb.
Qabuniyanın komandası mövcud vəziyyətə görə kanalın həmtəsisçisi, iş adamı Zaza Okuaşvilini günahlandırıb. İddia olunurdu ki, Okuaşvili və onun təyin etdiyi direktor Qoqi Kurdadze xidmət təminatçılarına pul köçürmələrini əngəlləyir. Bu səbəbdən “Mtavari” sponsorlarını və reklamçılarını itirib.
Qabunianın komandası hesab edir ki, Okuaşvilinin motivləri siyasidir, çünki o, hakim “Gürcü arzusu” ilə əlbir olub.
Bu arada Kurdadze bəyan edib ki, “Mtavari”nin 25 milyon laridən çox borcu yığılıb. Onun sözlərinə görə, buna səbəb Nika Qvaramiyanın “maliyyə maxinasiyaları” olub.
Xatirə SADİQ