İlon Mask Osloya səfərdən imtina etdi - “Gəlmirəm, bahadır”
Amerikalı sahibkar İlon Mask səfərin baha olmasını əsas gətirərək Osloya gəlməkdən imtina edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Norveçin “E24” portalı məlumat yayıb.
Məlumatda deyilir ki, milyarder bu səfərə “Norges Bank Investment Management”in baş direktoru, Norveç dövlət pensiya fondunun meneceri Nikolay Tangenlə şam yeməyi etmək üçün gəlməli imiş.
Biznesmen öncə dəvətlə maraqlanıb, lakin sonra xəbər verib ki, şam yeməyində ola bilməyəcək.
"O, bunun onun üçün çətin və bahalı olacağını söylədi”, - deyə təşkilatın kommunikasiyalar üzrə direktoru Marta Skaar bildirib.
“E24” nəzərə çatdırıb ki, Mask və Tangen arasındakı münasibətlər iyun ayında pisləşib. Bu, “Tesla”nın səkkizinci ən böyük səhmdarı olan Norveç Rifah Fondunun o zaman Maska 56 milyard dollar məbləğində təzminat ödəməsinin təsdiqlənməsinin əleyhinə səs verəcəyini elan etməsindən sonra baş verib. Bu, amerikalı sahibkarın xoşuna gəlməyib.
Xatırladaq ki, Maskın sərvəti 247,5 milyard dollar dəyərində qiymətləndirilir. Keçən il iş adamı kapitalını 234 milyard dollara qədər artırdı.
“Bloomberg”in versiyasına görə, hazırda İlon Mask dünyanın ən varlı şəxsləri siyahısına başçılıq edir.
Xatirə SADİQ