İmamoğlu məhkəmədə Ərdoğandan danışdı - "Mənə lağ edir, sarayında çatlasın"
Xəbər verdiyimiz kimi, İBB sədri Əkrəm İmamoğlunun “saxta diplom” işi üzrə məhkəməsinin ilk iclası Silivridəki həbsxananın məhkəmə zalında keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, məhkəmədə CHP sədri Özgür Özəl, İmamoğlunun ailə üzvləri və tələbə yoldaşları iştirak edib.
İclas başlayan kimi hakim ittiham aktını oxuyub. İmamoğlu hakimə “oxuduqlarınızın mənimlə heç bir əlaqəsi yoxdur, hakim bəy” deyərək özünü müdafiə edib.
Hakimin uzun müddət suçlamanı oxumasına İmamoğlu belə müdaxilə edib:
“Mən sizi uzun müddət dinləməkdən narahat deyiləm, amma ümid edirəm ki, diplomu olmayan şəxs də (Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutur - red) dinləyir”.
İmamoğlu özünü müdafiəyə davam edib:
“Bu ittiham aktını prokuror yazmayıb. Bunu bir sonrakı seçkidə də onu məğlub edəcəyimi bilən adam (Ərdoğanı nəzərdə tutur-red) yazdırıb. Bu məhkəmənin keçirilməsi üz qaraldıcı bir vəziyyətdir. Bu gün – 12 sentyabr Türkiyə xalqına çevrilişi xatırladır. Ölkəmizin çevrilişlərlə üz-üzə qalmamasını diləyirəm, amma təəssüf ki, bu an belə bir çevrilişin içindəyik. Qərar verənlər, bu suça ortaq olanlar cəmiyyətimizə bədəl ödədir. Avtokratların rəqiblərini məğlub etmək üçün yeni kəşflərinin Türkiyədən çıxması utancvericidir. Bu iclasa ad tapmaq çox çətindir. Özümü müdafiə etməkdə də çətinlik çəkirəm. Diplomumu ləğv etmək üçün hətta İstanbul Universitetinə keçdiyim KKTC-ni ( Şimali Kipr) də ləğv edə, KKTC kimi yerin olmadığını deyə bilərlər”.
İmamoğlu Ərdoğana ismarıc da göndərib:
““Sevgi böcəyi” adlandırıb mənə lağ edirlər. Bəli sevgi böcəyiyəm, 12 kvadratmetrdə o qədər özgürəm, ki, o, sarayında çatlasın!”
Məhkəmə iclası İmamoğlunun həbsdə olan vəkilinin ifadəsi ilə davam etdirilir.
Qeyd edək ki, “saxta diplom” ittihamı üzrə Əkrəm İmamoğlunun 8 il 9 ay müddətinə həbsi tələb olunur.
Banu