İrana qarşı yeni sanksiyalar tətbiq edildi
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Ukraynaya qarşı müharibədə Tehranın Rusiyaya yardımı ilə əlaqədar İrana qarşı sanksiyaların genişləndirildiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Avropa Komissiyası bildirib ki, sanksiyalar siyahısına dəniz yükdaşımaları ilə məşğul olan İran şirkəti və onun direktoru, həmçinin Xəzər dənizindəki ticarət gəmiləri və limanları daxil edilib.
Sanksiya siyahısına Rusiyanın “MQ-Flot”, “VTS-Broker” və “Arapaks” şirkətləri də düşüb. Bu şirkətlər Həştərxanda qeydiyyatdan keçib və yükdaşıma ilə məşğuldur. Onların İran silahlarının, xüsusilə pilotsuz uçuş təyyarələrinin və onların komponentlərinin Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya daşınmasında iştirak etdikləri iddia edilir.
Böyük Britaniya isə İranın dövlət hava yolu şirkəti “Iran Air”, yükdaşıma üzrə dövlət şirkəti və Rusiyanın “Port Olya-3” gəmisinə qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, Qərb ölkələri İranı “Şahed” dronları, son dövrdə isə ballistik raketlərlə də Rusiyanı təchiz etməkdə ittiham edir.
Xatırladaq ki, Aİ və Böyük Britaniya bundan öncə də Moskva və Tehranın hərbi sahədə əməkdaşlığı ilə əlaqədar Rusiya və İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
Xatirə SADİQ