İsrail husiləri yenidən vurdu - Reuters
İsrail ordusu Yəmənin Hodeydə limanında husilərə məxsus hədəflərə zərbələr endirib.
SAVASHMEDİA.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu addım husilərin İsrailə gedən gəmilərə davam edən hücumlarına və İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq atılıb.
Müdafiə naziri İsrael Kats bildirib ki, ölkəsi Yəmən husilərinin “terror infrastrukturunun bərpası üçün istənilən cəhdə qətiyyətlə qarşıdır”.
İsrail ordusundan verilən rəsmi açıqlamada bildirilib ki, hücuma məruz qalan obyekt “o cümlədən İrandan silahların daşınması, daha sonra husilər tərəfindən İsrail və onun müttəfiqlərinə qarşı terror hücumları üçün” istifadə olunub.
Husilərin “Əl Məsirə” telekanalı təfərrüatları açıqlamadan limana hücumları təsdiqləyib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından bəti – İsrailin Qəzzada HƏMAS hərəkatına qarşı hərbi əməliyyata başladığı vaxtdan – İranın dəstəklədiyi husilər Qırmızı dənizdə gəmilərə hücum edirlər. Onlar bununla fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini iddia edirlər.
İsrail buna cavab olaraq, strateji əhəmiyyətli Hodeyda limanı da daxil olmaqla, Yəmənin şimalının çox hissəsini nəzarətdə saxlayan husilərin mövqelərinə zərbələri gücləndirib.
Xatirə SADİQ