İvan Jdanov Navalnının komandasından getdi 

Aleksey Navalnının məsləkdaşı olmuş İvan Jdanov keçmiş liderinin yaratdığı Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) tutduğu direktor vəzifəsini tərk edib. 

Sep 1, 2025 - 12:36
İvan Jdanov Navalnının komandasından getdi 

SAVASHMEDİA.az Mediazona nəşrinə istinadən xəbər verir ki, bu barədə Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya bildirib.

“Qürurla deyə bilərik ki, İvan, sözün əsl mənasında, komandamızda böyüdü – o, böyüdü və yeni çağırışlara və daha məsuliyyətli vəzifələrə hazır oldu. İvan FBK-da bu çətin dövrü şərəflə keçirdi. Özü də dəfələrlə həbs olunub, atası saxta ittihamlarla üç il həbsdə yatıb. Bunların heç biri İvanı yolundan sapdırmadı. Biz Fondun inkişafı üçün etdiyi hər şeyə, peşəkarlığına, məsuliyyətinə və prinsiplərimizə sədaqətinə görə İvan Jdanova çox minnətdarıq”, - deyə Navalnaya vurğulayıb.

Onun sözlərinə görə, Jdanov bundan sonra YouTube-da özünün  “Ən mühümü” layihəsini hazırlayacaq. 

Navalnaya qeyd edib ki, Jdanovun yerinə Vladislav Romantsov təyin edilib. Əvvəllər o, FBK İT departamentinin direktoru vəzifəsində çalışıb.

“Rəhbərlikdə baş verən dəyişikliklər FBK tarixində yeni mərhələ açır. Rusiya müxalifətinin aparıcı təşkilatı olaraq biz həmişə hesab etmişik ki, yeniləşmə və yeni simaların irəli çəkilməsi inkişafa və irəliləməyə kömək edən əsas qüvvədir”, - təşkilatın bəyanatında deyilir.

Xatirə SADİQ