Kadırovun 80-dən çox qohumu rəhbər vəzifələrə təyin olunub
Çeçenistanın başçısı Ramzan Kadırov 80-dən çox qohumunu hökumət strukturunda rəhbər vəzifələrə yerləşdirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.
Nəşr qeyd edib ki, o, bu addımı öləcəyi təqdirdə qohumlarının rəsmi siyasi çəkisini artırmaq məqsədilə atıb.
Nəşrin hesablamalarına görə, Kadırov öz ailəsinin hakimiyyətini gücləndirmək üçün, o cümlədən övladlarının evlənməsi yolu ilə, ən azı, on beş çeçen klanı, o cümlədən Delimxanovlar, Geremeyevlər, Edilgiriyevlər, İbrahimovlar, Vismuradovlar və başqaları ilə qohum olub. Çeçenistan liderinin ən yaxın qohumlarının oyuzundan çoxu respublikanın icra hakimiyyəti orqanlarında, azı yeddi nəfər maliyyə sistemində və biznesdə vəzifələr tutur, dördü idman təşkilatlarına rəhbərlik edir, Kadırov ailəsinin 20-dən çox üzvü təhlükəsizlik orqanlarının işinə nəzarət edir, ən azı daha 11 klan nümayəndəsi qanunvericilik orqanlarında, o cümlədən federal orqanlarda çalışır.
Kadırovun böyük oğlu Axmat 2024-cü ildə Çeçenistanın bədən tərbiyəsi və idman naziri olub, sonra isə “Axmat” futbol klubunun rəhbərliyinə gətirilib. O, Kadrovlar ailəsinin “mülki” xəttini təmsil edir. Atasının varisi olacağı ehtimal edilən və bu yaxınlarda Çeçenistan Daxili İşlər Nazirliyinin kuratoru təyin edilən Adəm Kadırov Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur, Zelimxan (Eli) isə “Axmat” döyüş klubunun baş direktoru, habelə Çeçenistan Boks Federasiyasının prezidentidir.
Kadırovun qızları və həyat yoldaşları da Çeçenistan hökumətində çoxsaylı vəzifələr tuturlar. Ən böyüyü Ayşat “Çeçen Mineral Sular” şirkətinin sahibidir, bundan əvvəl isə respublikanın Mədəniyyət Nazirliyinə rəhbərlik edib və regional hökumət sədrinin müavini olub. Xədicət Kadırova 2024-cü ilin fevralında sosial blokla qarşılıqlı əlaqə üzrə Çeçenistan administrasiyası rəhbərinin müavini vəzifəsini alıb. Digər qızı Təbarik 12 şirkətin sahibidir, Xutmat Kadırova isə atasının katibliyinin rəis müavini vəzifəsini tutur.
Ayşat Kadırovanın əri Visxan Matsuev Çeçenistan baş nazirinin müavinidir. Xədicətin əri Adəm Alxanov respublikanın Səhiyyə Nazirliyinə, Təbarikin əri Ramzan Vismuradov Gənclərlə İş Nazirliyinə rəhbərlik edir. Xutmat Kadırovanın əri Lom-Əli Sadulayev isə regional icbari tibbi sığorta fondunun rəhbərinin birinci müavinidir.
BBC qeyd edir ki, bu və digər təyinatlar Kadırovlar ailəsinə regionda pul axınına nəzarət etməyə kömək edir.
“Verstka” yazıb ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Kadırov və onun ailəsinin 29 üzvü ən azı 146 mükafat alıb. Onlardan 82-ni Çeçenistan rəhbəri və onun qohumları özlərinə veriblər. Söhbət respublikanın daxili mükafatlarından gedir.
Xatirə SADİQ