Kamala Harris amerikalılara müraciət etdi - “Tramp faşistdir!”
ABŞ prezidentliyinə namizəd Kamala Harris seçkidəki rəqibi Donald Trampı nəzarətsiz hakimiyyətə can atan “faşist” adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Gardian” məlumat yayıb.
Harris Vaşinqtondakı iqamətgahında bu bəyanatı Trampın prezidentliyi dövründə 18 ay Ağ Ev administrasiyasının rəhbəri olmuş Con Kellinin “New York Times”nəşrinə qalmaqallı açıqlamalarından sonra verib.
Con Kelli bildirib ki, Tramp faşist Almaniyasında Hitlerə xidmət edən sərkərdələr kimi ona sadiqlik andı verən generalların olmadığından şikayət edirmiş. Onun sözlərinə görə, Tramp dəfələrlə Hitleri tərifləyərək “bilirsiniz, Hitler də yaxşı işlər görüb” deyirmiş.
Kelli deyib ki, Tramp yenidən seçiləcəyi təqdirdə ölkəni diktator kimi idarə edəcək.
Harris deyib ki, Kellinin verdiyi açıqlamalar Trampın ABŞ Konstitusiyasına sadiq bir ordu istəmədiyini göstərir: “O, şəxsən ona sadiq olacaq, onun əmrlərini, hətta qanunu pozmaq və ya ABŞ Konstitusiyasına sadiqlik andından imtina etmək göstərişlərini yerinə yetirəcək hərbçiləri istəyir”.
“Donald Tramp getdikcə daha müvazinətsiz və qeyri-sabit olur. İkinci müddətdə onun meyl və hərəkətlərinin qarşısını ala biləcək Con Kelli kimi insanlar yanında olmayacaqlar. Bir vaxtlar onun ən pis impulslarını dayandırmağa çalışanlar, artıq ətrafında olmayacaqlar və daha onu saxlaya bilməyəcəklər”, - deyə Harris bildirib.
O, noyabrın 5-də keçiriləcək prezident seçkilərində səsverməyə gedən amerikalı seçicilərə müraciət edib: “Biz Donald Trampın nə istədiyini bilirik. O, nəzarətsiz hakimiyyət istəyir. Məsələ 13 gündən sonra Amerika xalqının nə istədiyi olacaq” .
Harris nəzərə çatdırıb ki, Trampın 6 milyon yəhudi və yüz minlərlə amerikalının ölümünə görə məsuliyyət daşıyan Adolf Hitlerə istinad etməsi çox narahatedici və inanılmaz dərəcədə təhlükəlidir. “Bu, onu ən yaxşı tanıyan insanlardan Donald Trampın həqiqətən kim olduğunu göstərən pəncərədir. Con Kellinin sözlərindən bəlli olur ki, Donald Tramp, mən sitat gətirirəm, şübhəsiz, mahiyyətcə ilk gündən diktator olmağa and içən, öz şəxsi məqsədlərini və siyasi qisasını həyata keçirmək üşün hərbçilərdən şəxsi milis kimi istifadə etməyə and içən faşistlərin ümumi tərifi altına düşür”.
Qeyd edək ki, dördulduzlu dəniz piyadalarının istefadakı generalı Con Kelli “The Atlantic” qəzetinə müsahibəsində də Trampla bağlı analoji açıqlamalar verib.
Xatirə SADİQ