"Sanksiyalardan yayınmaq üçün bizdən istifadə etməsinlər" - Qazaxıstan Putinə meydan oxudu
Qazaxıstan hakimiyyəti Rusiyanın beynəlxalq sanksiyalardan yayınmaq üçün ölkə ərazisindən istifadə etməsinin əleyhinədir.
SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.
“Qazaxıstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Eyni zamanda biz istəmirik ki, bizim ərazimizdən sanksiyalardan yayınmaq üşün istifadə etsinlər”, - deyə Vasilenko Polşanın “PAP” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Astananın mövqeyi bütün maraqlı tərəflər üçün məlum və başa düşülən olduğundan ona həm Rusiyada, həm də Qərbdə anlayışla yanaşılır.
Vasilenko vurğulayıb ki, sanksiyalardan yayınmağın baş verməməsi üçün bütün lazımi tədbirlər görülür, çünki respublika ikinci dərəcəli sanksiyaların tətbiqini istəmir. O, əlavə edib ki, Astana və Moskva arasında ikitərəfli münasibətlərdə heç bir problem yoxdur, lakin müxtəlif məsələlər var, çünki iki qonşu dövlətin münasibətləri çox rəngarəngdir.
Qeyd edək ki, bundan öncə Qazaxıstan baş nazirinin müavini Serik Jumanqarin Astananın anti-Rusiya sanksiyalarını dəstəkləmədiyini, lakin iqtisadi baxımdan faydalı olduğu üçün onlara əməl etdiyini bildirib.
“Bizim böyük olmayan iqtisadiyyatımız var, təbii ki, biz sanksiyaların təzyiqinə tab gətirmərik”, - deyə Jumanqarin izah edib.
Xatırladaq ki, ölkə prezidenti Kasım-Jomart Tokayev təklif alsa da, Qazaxıstan hələ BRİKS-ə qoşulmağı planlaşdırmır.
Xatirə SADİQ