Kanada teleaparıcı Vladimir Poznerə sanksiya tətbiq etdi

Kanada fəaliyyəti Rusiyanın Ukraynada davam edən təcavüzü ilə bağlı olan 76 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar elan edib.

Feb 25, 2025 - 12:52
Kanada teleaparıcı Vladimir Poznerə sanksiya tətbiq etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Sanksiyalar siyahısının yenilənməsi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasının üçüncü ildönümünə təsadüf edib. 

Baş nazir Castin Trüdonun saytında göstərilib ki, sanksiyalar “Kremlin hərbi-sənaye bazasını dəstəkləyən, ukraynalı uşaqların qeyri-qanuni deportasiyasında və ya məcburi köçkünlüyündə iştirak edən və ya Kremlin informasiya əməliyyatları imkanlarını dəstəkləyən şəxsləri, həmçinin Putin rejimini dəstəkləyən yüksək vəzifəli Rusiya hökumət rəsmiləri və oliqarxların” əleyhinə yönəlib.

Sanksiyaların tətbiq olunduğu şəxslər arasında tanınmış teleaparıcı Vladimir Pozner , Rusiya Xizək İdmanı Federasiyasının prezidenti Yelena Vyalbe , Rusiya Cüdo Federasiyasının keçmiş rəhbəri Vasili Anisimov , ANO “Dialoq”un baş direktoru Vladimir Tabak, “Metalloinvest” şirkətinin rəhbəri Mark Buzuk və “Rosatom”un baş direktorunun müavini İlya Rebov da var.

Sanksiya siyahısına Rusiyanın energetika naziri Sergey Tsivilev və onun Vladimir Putinin qardaşı qızı kimi tanınan həyat yoldaşı Anna Tsivileva, Primorsk diyarının qubernatoru, müntəzəm olaraq Ukraynadakı Rusiya bölmələrinə yardım ayrılması barədə məlumat verən Oleq Kojemyako, əvvəllər Kremlin sponsorluq etdiyi dezinformasiya kampaniyalarına görə ABŞ tərəfindən sanksiya tətbiq edilmiş İlia Qambaşidze də daxildir.

Xatirə SADİQ