Ukrayna və ABŞ-nin qətnamələri qəbul olundu – BMT-də

BMT Baş Assambleyası bu gecə Ukrayna və ABŞ-nin təqdim etdikləri iki qətnaməni qəbul edib.

Feb 25, 2025 - 12:55
Ukrayna və ABŞ-nin qətnamələri qəbul olundu – BMT-də

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. 

Məlumata görə, Kiyevin Avropa İttifaqı (Aİ) ilə birlikdə hazırladığı qətnamədə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı pislənib, Baş Assambleyanın Ukrayna ilə bağlı Rusiyanın təcavüzünü pisləyən bütün əvvəlki qətnamələrinin yerinə yetirilməsinə çağırış (onların sayı 6 olub) yer alıb və Rusiyadan bütün qoşunlarını dərhal, tamamilə və qeyd-şərtsiz Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan  sərhədindən çıxarılması tələb olunub.

BMT Baş Assambleyası qətnaməni 93 səslə qəbul edib. BMT-yə üzv 18 ölkə qətnamənin əleyhinə səs verib, 65 ölkə bitərəf qalıb. Qətnamənin əleyhinə olan dövlətlər arasında ABŞ də olub.

Qətnamənin qəbulundan öncə BMT üzvləri qarşısında çıxış edən Ukrayna xarici işlər nazirinin müavini Maryana Betsa səsverməni “həqiqət anı” adlandırıb.

“İndi təkcə Ukrayna üçün deyil, təkcə Avropa üçün deyil, bütün demokratik dünya üçün tarixi məqamdır. Bizim bu gün Rusiyanın təcavüzünə, Rusiyanın vəhşiliklərinə və cinayətlərinə, təcavüzə dövlət aləti kimi necə cavab verməyimiz təkcə Ukrayna və Avropanın deyil, həm də bütün demokratik dünyanın və BMT-nin gələcəyini müəyyənləşdirəcək”, - nazir müavini Betsa diqqətə çatdırıb.

Birləşmiş Ştatların təqdim etdiyi “Sülhə yol” adlı qətnamənin orijinal variantında üç məqam – həlak olanlar üçün hüznün ifadə olunması, BMT-nin sülh və təhlükəsizliyi təmin etmək üçün yaradıldığının xatırlanması və Ukrayna ilə Rusiya arasında münaqişəyə dərhal son qoymağa və davamlı sülhə çağırış olub. Qətnamə layihəsində “Ukraynanın ərazi bütövlüyü” və ya “Rusiyanın təcavüzü” ilə bağlı heç bir ifadə yoxdur.

Rusiya Amerika qətnaməsinin orijinal variantını dəstəkləsə də, “bu münaqişənin başlanğıcının köklü səbəbi" ilə bağlı düzəlişin əlavə olunmasını təklif edib. Bununla Rusiya Ukraynanın NATO-ya üzvlüyünü nəzərdə tutub. Lakin Rusiyanın düzəlişi Baş Assambleyadan keçməyib: 31 ölkə onun lehinə, 71 ölkə əleyhinə səs verib, 59 ölkə bitərəf qalıb.

Amma BMT üzvləri Avropa dövlətləri tərəfindən üç düzəlişi təsdiqləyiblər. Beləliklə, “Rusiya-Ukrayna münaqişəsi” ifadəsi “Rusiya Federasiyasının Ukraynaya tam miqyaslı işğalı” ilə əvəz olunub və həmçinin “Ukrayna və Rusiya arasında BMT Nizamnaməsi və dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq ədalətli, davamlı və hərtərəfli sülhə” çağırış əlavə edilib.

Səsvermə zamanı ABŞ-nin “Sülhə yol” qətnaməsinin lehinə 93 ölkə səs verib. 8 ölkə bu qətnamənin əleyhinə səs verib, 73-ü bitərəf qalıb. Bitərəf qalan dövlətlər arasında Ukrayna, eləcə də layihəni hazırlayan ABŞ də olub.

Sonradan BMT-nin Təhlükəsizlik Şurasının iclasında ABŞ-nin “Sülhə yol” adlı qətnaməsi Avropa düzəlişləri olmadan orijinal variantda qəbul olunub. Təhlükəsizlik Şurasına üzv olan 10 ölkə qətnamənin lehinə səs verib, 5 ölkə bitərəf qalıb.

Xatirə SADİQ