Ukrayna bu gecə Rusiya zavodlarına zərbə endirib
Ukrayna Silahlı Qüvvələri iyulun 11-nə keçən gecə Rusiyanın müdafiə sənayesi obyektlərinə irimiqyaslı dron hücumu həyata keçirib.
SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir.
Yerli hakimiyyət orqanlarının və şahidlərin sözlərinə görə, Rusiya hərbi-sənaye kompleksinin ən azı üç müəssisəsi – Taqanroqdakı Beriyev aviasiya zavodu, Moskva vilayətindəki Voronin adına aviasiya zavodu və “Kronştadt” dron hazırlanması müəssisəsi vurula bilər.
Taqanroq şəhər meri Svetlana Kambulova öz Telegram kanalında yazıb ki, pilotsuz təyyarə vurulub və onun dağıntıları Beriyev aviasiya zavodunun ərazisinə düşüb. Kambulova dəqiqləşdirib ki, tələfat yoxdur, hadisə yerində təcili yardım xidmətləri işləyir.
Partlayış səslərini Tulanın Proletarski rayonunun sakinləri də eşidib. Müəssisələrdən hansının hücumun hədəfi ola biləcəyi barədə hələlik məlumat yoxdur. “Krımski Veter” Telegram kanalı bildirir ki, ehtimala görə, hədəf “cihazqayırma üzrə konstruktor bürosu” olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə hücumu zamanı ölkəyə və işğal altında olan Krıma 155 pilotsuz uçuş aparatı buraxılıb, onların hamısı ya “məhv edilib, ya da ələ keçirilib”.
Xatirə SADİQ