Lavrov “yeni və fərqli yanaşma”nı açıqlamaqdan imtina etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukrayna məsələsində “yeni və fərqli yanaşması” haqqında ABŞ dövlət katibi Marko Rubioya söylədiklərinə aydınlıq gətirməkdən imtina edib. 

Jul 11, 2025 - 14:19
Lavrov “yeni və fərqli yanaşma”nı açıqlamaqdan imtina etdi

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bu, rusiyalı nazirin Kuala-Lumpurda keçirdiyi brifinqdə baş verib.  

“Mən Donald Trampın sözləri ilə cavab vermək istəyirəm. Elə belə də sizə deyəcəyəm, o, “böyük sürprizlər gözləyin” dedi. Mən “böyük sürprizlər” barədə bir söz deyə bilmərəm. Amma siz özünüz də başa düşürsünüz ki, siz diplomatik fəaliyyətlə tanışsınız, bizi tez-tez müşayiət edirsiniz, elə şeylər var ki, onlar şərh edilmir. Bəli, biz Ukraynanı müzakirə etdik, prezident Putinin ifadə etdiyi mövqeyi, o cümlədən iyulun 3-də Trampla söhbətində növbəti dəfə dediklərini bir daha təsdiqlədik”, - Lavrov bildirib. 

O əlavə edib ki, internetə sızdırılan audioyazı, Moskva və Pekinin bombardman edilməsi kimi məsələləri deyil, ciddi məsələləri müzakirə ediblər. 

Rubio bir gün əvvəl keçirilən danışıqlar zamanı rusiyalı həmkarı ilə çox açıq danışdığını, Lavrovun isə Ukrayna ilə bağlı “yeni və fərqli yanaşma” təklif etdiyini bildirmişdi. 
 
Xatırladaq ki, rusiyalı həmkarı Putinin Ukrayna məsələsində davranışından məyus olduğunu vurğulayan ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Rusiya ilə bağlı “mühüm bəyanat” verəcəyini elan edib. 

Xatirə SADİQ