Kennedilərin sənədləri üzərindən məxfilik götürüldü – Trampın sərəncamı
Tramp sərəncamında bildirib ki, bu məlumatların məxfiliyinin açılması ictimai maraqlara uyğundur.
ABŞ prezidenti Donald Tramp ölkənin 35-ci prezidenti Con Kennedinin, senator Robert Kennedinin və vətəndaş hüquqları uörunda hərəkatın lideri Martin Lüter Kinqin qətlləri ilə bağlı sənədlərin məxfiliyinin ləğv olunması haqqında sərəncam imzalayıb.
SAVASHMEDİA.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb.
Tramp sərəncamında bildirib ki, bu məlumatların məxfiliyinin açılması ictimai maraqlara uyğundur.
“Prezident Con Kennedinin, senator Robert Kennedinin və pastor Martin Lüter Kinqin (kiçik) öldürülməsindən 50 ildən çox vaxt keçməsinə baxmayaraq, federal hökumət bu hadisələrlə bağlı bütün qeydlərini ictimaiyyətə açıqlamayıb. Onların ailələri və Amerika xalqı şəffaflığa və həqiqətə layiqdir”, - deyə Tramp vurğulayıb.
Sərəncama əsasən, növbəti 15 gün ərzində milli kəşfiyyat direktoru və baş prokuror Trampa prezident Con Kennedinin qətli, 45 gün ərzində isə senator Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı qeydlərin tam şəkildə açıqlanması planını təqdim etməlidir.
Qeyd edək ki, Tramp hələ prezidentliyin ilk dönəmində bu sənədləri açıqlayacağına söz vermişdi. Lakin sonda o, Mərkəzi Kəşfiyyat İdarəsinin materialın böyük hissəsinin məxfiliyinin saxlanılması barədə xahişinə güzəştə getmişdi.
Son seçki kampaniyası zamanı Tramp məxfiliyin ləğvi vədini yenidən gündəmə gətirdi və göründüyü kimi, bu dəfə onu həyata keçirdi.
Xatırladaq ki, ABŞ-nin 35-ci prezidenti Con Kennediyə qarşı sui-qəsd 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində baş verib. Kennedi xanımı Jaklinlə birlikdə prezident kortejində gedərkən tüfəngdən açılan atəş nəticəsində ölümcül yaralandı. On ay ərzində bu qətli xüsusi çağırış komissiyası araşdıraraq nəticəyə gəlib ki, cinayəti təkbaşına cani Li Harvi Osvald törədib. Sonrakı rəsmi araşdırmalar qatilin Osvald olduğunu təsdiqlədi, lakin, yəqin ki, onun arxasında bəzi sui-qəsdçilər var idi.
Robert Kennedi 5 iyun 1968-ci ildə ölümcül güllə yarası aldı və 6 iyunda vəfat etdi. Ona atəşin dəqiq kim tərəfindən açıldığı indiyədək məlum deyil, çünki rəsmi şəkildə qatilin öndən atəş aşan Sərhan Sərhan olduğu təsdiqləndi. Lakin onun ölümünə səbəb arxadan yaxın məsafədən açılan atəş olmuşdu.
Martin Lüter Kinq 1968-ci il aprelin 4-də Tennessi ştatının Memfis şəhərində qətlə yetirilib. O, tətil edən fəhlə-sanitarlara dəstək kampaniyası apardığı “Lorreyn” otelinin eyvanında güllələnmişdi. Snayper gülləsi onun başına dəydi və o, xəstəxanada dünyasını dəyişdi.
Rəsmi olaraq qatil Ceyms Erl Rey hesab olunur. Lakin o, əvvəlcədən günahını boynuna alsa da, sonradan etirafını geri götürməyə çalışdı. O, bunu ona tələ qurulması ilə izah etdi. Kinqin ölümü bütün ABŞ-də kütləvi etirazlara və iğtişaşlara səbəb oldu.
Xatirə SADİQ